25 Sentyabr 2019 22:58
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida Təhlükəsizliyi Agentliyi sosial şəbəkələrdə leş əti satan və ya qanunsuz fəaliyyət göstərən müəssisənin məhsullarına “sertifikat”ların verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, AQTA-nın yaydığı məlumatda xəbərin reallığı əks etdirmədiyi bildirilib.

"Həqiqəti əks etdirməyən, insanlar arasında təşviş və çaşqınlıq yaradan bu cür böhtan xarakterli məlumatlar son illər əhalinin təhlükəsiz qida ilə təmin olunması istiqamətində hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlarla birgə görülən irimiqyaslı işlərə, ortaya qoyulan nəticələrə kölgə salmaq məqsədi daşıyır.

Məlumat üçün bildiririk ki, agentlik fəaliyyətə başladığı ilk gündən etibarən qanunsuz heyvan kəsimi fəaliyyəti və mənşəyi məlum olmayan ətlərin dövriyyədən çıxarılması istiqamətində mütəmadi nəzarət tədbirləri, reydlər həyata keçirir və bu cür qanunsuz fəaliyyətlərə qarşı qətiyyətli mübarizə bundan sonra da davam etdiriləcək. AQTA əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində yanvar-sentyabr ayları ərzində insan sağlamlığı üçün təhlükə yaradan 90 ton 294,649 kiloqram ət və ət məhsulları dövriyyədən çıxarılaraq məhv edilib, bu kimi qanunsuz fəaliyyətlə məşğul olan şəxslər haqqında məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunub.

Xüsusilə qeyd etmək lazımdır ki, son günlər ictimaiyyət tərəfindən geniş maraq və nifrət doğuran “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov və onun cinayətkar dəstəsi də elə həmin məlumatların hüquq mühafizə orqanlarına ötürülməsi və birgə keçirilən tədbirlər nəticəsində ifşa edilib.

Agentlik bir daha bəyan edir ki, dövlət orqanının fəaliyyətinə dair rəsmi mövqeyə və faktlara əsaslanmayan, böhtan xarakterli, bu cür sifarişli məlumatların yayımlanması görülən əsaslı işlərə kölgə salmaq, insanlar arasında təşviş, eləcə də çaşqınlıq yaratmaq məqsədi daşıyır və qətiyyən yolverilməzdir", - deyə AQTA-nın məlumatında qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər