"14 illik vəkillik fəaliyyətim var, bu qədər səmərəsiz məhkəmə görmədim. Fədayə Laçının işi üzrə məhkəmə 12-ci dəfədir təxirə düşüb".
Teleqraf.com xəbər verir ki, bu sözləri Fədayə Laçının vəkili Türkel Süıeymanlı bu gün keçirdiyi mətrbuat konfransında deyib.
Vəkil qeyd edib ki, Prezident İlham Əliyevə və Vitse-prezident Mehriban Əliyevaya müraciət etmək hüquqları var: "Amma Apelyasiya məhkəməsinin qərarı olmadığı üçün bunu edə bilmirik. Məhkəmə səbəbsiz yerə təxirə salınıb. Ona görə danışmaq qərarına gəldik. Tərəflər, vəkillər, şahidlər, dövlət ittihamçısı çıxış edib, təqsirləndirilən şəxslər danışıb".
O qeyd edib ki, Fədayə xanım müğənnidir, ictimai şəxsdir:
"Məhkəmə prosesini şoulaşdırmaq istəmədiyimizə görə bu haqda məlumat vermirdik. Amma məhkəmə prosesi səbəbsiz təxirə salınır. Fədayə xanım bir əmələ görə ittiham olunur. Onun cəzası 2 ildən 6 ilə qədərdir. Amma Fədayə xanıma 6 il iş verdilər. Onun ictimai şəxs və qadın olduğu nəzarə alınmadı.
Onun cinayət törətməsi ilə bağlı əsaslı dəlillər yoxdur. Fədayəni nə azad edirlər, nə ona cəza verirlər. İstəyirik ki, Bakı Apelyasiya Məhkəməsi qərarını versin və bizim müxtəlif stansiyalara müraciət etmək yolumuz açılsın. Fədayə xanım üçün ədalət və mərhəmət istəyirik”.
Vəkil onu da əlavə edib ki, Fədayə Laçın hepatit C virusunundan əziyyət çəkir: “Həyat üçün təhlükəli xəstəlikdir. Həbsdə dərmanlar verilir. Xəstəliyi ilə bağlı müraciət etmişik”.
Vəkil mətbuat konfransında ifaçının ailə üzvlərinin olmamısına isə belə münasibət bildirib: “Bu mənim mətbuata müraciətimdir. Ona görə də ailə üzvləri bu konfransda yoxdur”.
***
16:27
Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı mətbuat konfransı keçirib.
Teleqraf.com xəbər verir ki, vəkili Fədayə Laçının cinayət işi üzrə məhkəmə proseslərinin baş tutmamasına aydınlıq gətirib.
O deyib ki, məhkəmə prosesi səmərəli olanda araşdırma uzadıla bilər, lakin burada araşdırılası heç nə qalmayıb: "Bu qədər səmərəsiz məhkəmə prosesi görməmişəm. Məhkəmə yerində sayır və heç nəyi araşdırmır. İclasların niyə baş tutmadığı haqqında bizə də məlumat vermirlər. Mənim indiyə qədər açıqlama verməmək istəməmiyin səbəbi məsələ ətrafında şou yaratmamaq olub. Hazırda hüquqi baxımdan əl-qolumuzu bağlayıblar".
Xatırladaq ki, bu iş üzrə proses artıq 12-ci dəfədir təxirə düşür.
Qeyd edək ki, Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Onunla birlikdə Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, kriminal aləmdə nüfuza malik Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalov mühakimə olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Fədayə Laçın və digər şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Onların şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində baxılır.
2017-ci il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.
Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.
Mühafizə altından qaçan Əli Ağami həbs olunub, Etibar Məmmədov isə əməliyyat zamanı zərərsizləşdirilərək öldürülüb.
Məlum olub ki, kriminal avtoritetlərin qaçmasında müğənni Fədayə Laçın, onun tanışı Günay Atakişiyeva da yaxından köməklik göstəriblər.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Həmçinin Pentensiar xidmətin vəzifəli əməkdaşlarına qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.
Foto: Ceyhun Rəhimov