28 Sentyabr 2019 00:26
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 27-də M.F.Axunzadə adına Azərbaycan Milli Kitabxanasında “Kitabxanalar mobil informasiya mərkəzi kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi.

Teleqraf.com xəbər verir ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində təşkil olunan konfransda 14 ölkədən 26 kitabxana işi üzrə mütəxəssis, eləcə də yerli kitabxanaların əməkdaşları iştirak edirdi.

Konfransı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının əhəmiyyətini vurğuladı. Bildirdi ki, sərgi-yarmarkalar kitabları insanlara əlçatan edir. Bu gün dünyada oxucuların əksəriyyətini gənclər təşkil edir. Onlar informasiya və bilikləri mobil vasitələrlə əldə etməyə meyillidirlər. Konfransın əsas məramı da bundan ibarətdir ki, necə edək, gənclər bu xidmətlərdən faydalana bilsinlər və kitabxanaların fəaliyyəti innovativ yeniliklərlə zənginləşsin.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək diqqətə çatdırdı ki, konfransda Azərbaycan Milli Elmlər Akademiyasının da iştirak etməsini yüksək qiymətləndirdi: “Deməli, kitab təkcə bədii ədəbiyyat olaraq mütaliə üçün deyil. O həm də təcrübə, elmi tərəqqi mənbəyidir”.

Nazir TÜRKSOY təşkilatının ədəbiyyat, kitab sahəsindəki xidmətlərindən söz açdı. Bildirdi ki, təşkilat türkdilli yazarların, görkəmli ədəbiyyat və sənət adamlarının kitablarının nəşrində yaxından iştirak edir, onların təbliğinə töhfələr verir.

Qeyd olundu ki, müxtəlif ölkələrdən kitab işi ilə məşğul olan insanların bir araya gəlməsi kitab işinin sərhədsiz olduğunu göstərir: “Biz konfrans iştirakçılarını bu gün kitabları ictimaiyyətə çatdırmağın, onlarda maraq oyatmağın yolları düşündürür. Konfransın mövzusu da bu baxımdan əhəmiyyətlidir. Kitabxanalar müasirləşməli və yeniliklər axtarışında olmalıdırlar”.

Daha sonra nazir VI Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası çərçivəsində Milli Kitabxana tərəfindən təşkil ediləcək tədbirlərlə bağlı fikirlərini bölüşdü. Bildirdi ki, kitabxanada 13 səfirin və Milli Kitabxana rəhbərlərinin iştirakı ilə on üç ölkəyə dair daimi ədəbiyyat guşələrinin yer aldığı Beynəlxalq əməkdaşlıq zalının yaradılması bu sahədə əlaqələrin daha da yaxınlaşmasına, geniş informasiya mübadiləsinə imkan yaradacaq. Xarici ölkələrin milli kitabxanalarında mühafizə olunan Nəsimi əlyazmalarının surətlərinin Bakıda sərgisi də bizim üçün böyük əhəmiyyət daşıyır. Altı əsr əvvəlin ədəbiyyatı, əlyazma mədəniyyəti və XXI əsrdə kitabxanalarda mobil informasiya mövzusunun müzakirəsi – bu onu göstərir ki, kitab və ədəbiyyat ümumbəşəri dəyərdir.

Konfransın iştirakçılar arasında təcrübə mübadiləsi üçün gözəl imkan yaratdığını deyən nazir tədbirin işinə uğurlar arzuladı.

AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli konfransın aktual mövzuya həsr edildiyini vurğuladı. O, Azərbaycanda kitabxanaçılıq işinin qədim tarixi olduğunu diqqətə çatdırdı, konfransın müasir texnoloji yeniliklərin kitabxana sistemində tətbiqinin araşdırılması baxımından əhəmiyyətini qeyd etdi.

Millət vəkili, akademik Nizami Cəfərov konfransı peşəkarlıq baxımından dəyərli addım kimi qiymətləndirdi. Bildirdi ki, Azərbaycan ədəbiyyatı dünya ilə həmişə sıx tellərlə bağlı olub: “Bizim klassik şair və yazıçılarımız bir neçə dildə ədəbi nümunələr yaradıblar. O səbəbdən də bu gün çoxsaylı iştirakçıların Milli Kitabxanada toplanması təsadüfi deyil. Çünki kitablar insanları birləşdirən dəyərdir”.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və yayımlar idarəsinin rəhbəri, Türkiyə Milli Kitabxanasının direktoru Hamdi Turşuçu Azərbaycanda mütəmadi olaraq təşkil edilən kitabla bağlı konfrans və tədbirlərdən məmnunluğunu ifadə etdi, iştirakçılara təcrübələrini bölüşərək bu sahədə yeni nailiyyətlər arzuladı.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Mövlanə Cəlaləddin Ruminin Türkiyə Milli Kitabxanası tərəfindən nəşr olunan kitablarını nazir Əbülfəs Qarayevə hədiyyə etdi.

“Kitabxanalar mobil informasiya mərkəzi kimi” beynəlxalq elmi-praktik konfransı günün ikinci yarısında maraqlı müzakirələrlə işini başa çatdırdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər