Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general mayoru Elxan Həsənov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.
Teleqraf.com-un araşdırmasına görə, Həsənov Elxan İslam oğlu 1959-cu ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olub.
1980-ci ildə Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə isə DİN-in Polis Akademiyasını bitirib.
1980-1982-ci illərdə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçib.
1986-cı ildə daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışıb.
Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin şöbə rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində işləyib.
İctimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və xidməti vəzifəsinin yerinə yetirilməsində xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2002-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilib, 2009-cu ildə polis general-mayoru xüsusi rütbəsi verilib.
Ailəlidir, iki övladı var.