Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Argentinanın La Plata Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov və La Plata Dövlət Universitetinin prezidenti Fernando Tauber tərəfindən imzalanan müqavilədə 2012-ci ildən La Plata Universitetinin nəzdində fəaliyyət göstərən azərbaycanşünaslıq kafedrasının fəaliyyətinə, xüsusilə Azərbaycanın cari siyasəti, iqtisadiyyatı, mədəniyyəti və tarixi barəsində tədqiqat layihələrinin aparılması, başlıca maraq dairələri barəsində akademik kursların tədrisi, təbliğat fəaliyyətinin təşkili və tədqiqatların nəşr edilməsinə dəstək verilməsi nəzərdə tutulur.
Qeyd edilir ki, sözügedən azərbaycanşünaslıq kafedrası Cənubi Amerikada Azərbaycanın öyrənilməsi məqsədini daşıyan ilk təşəbbüs olaraq təsis edilib.
Fəaliyyətdə olduğu 7 il ərzində kafedra Azərbaycanla bağlı akademik işlərin inkişafı məqsədilə seminarlar təşkil edib, kitablar nəşr edilib, ölkəmizin həqiqətlərinin Argentina ictimaiyyətinə, elmi-akademik və ictimai-siyasi dairələrinə çatdırılması, Azərbaycan və ümumilikdə Xəzər regionu ilə bağlı tədqiqatların aparılması təşviq edilib, həmçinin kafedranın təşəbbüsü ilə “Heydər Əliyev və müasir Azərbaycanın qurulması”, “Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin sənədləri toplusu”, “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa yazı müsabiqəsinin qaliblərinin yazılarının toplusu olan eyniadlı kitab ispan dilində dərc olunub.