28 Sentyabr 2019 21:59
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlara işgəncələr verilməsi barədə bəzi sosial şəbəkələrdə və informasiya saytlarında yayılan məlumatları təkzib edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumatda deyilir:

Son günlər bəzi sosial şəbəkələrdə və informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlara işgəncələr verilməsi barədə həqiqətdən uzaq, böhtan xarakterli məlumatlar dərc edilib.

Penitensiar xidmət bildirir ki, tabeçilikdə olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərin hüquqlarının və qanuni mənafelərinin etibarlı qorunması daim diqqət mərkəzindədir. Xidmətin rəsmi internet səhifəsində vətəndaşlar üçün, cəzaçəkmə müəssisələrində isə məhkumlar üçün «Qaynar xətt» telefonları təşkil olunmaqla, onlara hər hansı bir neqativ hallarla bağlı aidiyyəti instansiyalara müraciət etmək üçün şərait yaradılıb. Bundan başqa beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarının nümayəndələri, o cümlədən Ombudsman aparatının üzvləri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin əməkdaşları mütəmadi olaraq penitensiar müəssisələrə baş çəkir, orada saxlanılan şəxslərin saxlanma şəraiti, hüquq və azadlıqlarının təmin olunması məsələləri ilə maraqlanırlar. Başçəkmələr zamanı hər hansı işgəncə faktı qeydə alınmayıb.

Son məlumatlarla əlaqədar, Penitensiar Xidmətin və Cəzaların İcrasına Nəzarət üzrə Müfəttişliyinin məsul əməkdaşları tərəfindən 13 saylı cəzaçəkmə müəssisəsində aparılan araşdırma zamanı informasiya saytlarında yayılan məlumatlarda göstərilən xüsusatlar öz təsdiqini tapmayıb.

Eyni zamanda İctimai Komitə üzvləri Əliməmməd Nuriyev, Səadət Bənənyarlı, Əhməd Abbasbəyli tərəfindən 28 sentyabr 2019-cu il tarixdə 13 saylı cəzaçəkmə müəssisəsinə başçəkmənin və məhkumların fərdi qəbulunun nəticəsinə dair verdikləri bəyanatda da hər hansı işgəncə və qeyri-qanuni rəftar hallarının aşkar olunmadığı öz əksini tapıb.

Sosial şəbəkələrdə bəzi şəxslərin öz maraqlarına uyğun belə böhtan xarakterli məlumatların yaymaq cəhdləri ictimaiyyətdə Penitensiar Xidmətin fəaliyyəti ilə bağlı mənfi rəy yaratmaq məqsədləri güdür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər