28 Sentyabr 2019 22:25
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötənlərdə İstanbulda hərracların birində Azərbaycan tarixi ilə bağlı bir vizitka əldə etdim. Vizitkanın aşağı sağ kənarında “Komandant Baku”, sol kənarında isə ərəb qrafikası ilə “Bakının kumandanı” ifadəsi yazılıb. Ortada isə latın və ərəb qrafikası ilə “Nazim Bey” adı yer alıb.

Nazim bəyin kim olduğuna keçmədən öncə mühüm bir tarixi hadisəni yada salaq.

Batum müqaviləsi və Qafqaz İslam Ordusu

4 iyun 1918-ci ildə Batumda “Səltənəti-Səniyyeyi-Osmaniyyə ilə Azərbaycan Hökuməti-Cümhuriyyəsi beynində mün’əqid[1] mühadənət Müahidənamə­si” imzalandı. 11 maddəlik bu sənədi Osmanlı tərəfdən ədliyyə naziri və Dövlət Şurası rəisi Xəlil [Menteşe] bəylə Qafqaz Cəbhəsi Osmanlı Orduları komandanı fəriq (general) Mehmet Vəhib [Kaçı] paşa və Azərbaycan tərəfdən Milli Məclis (Milli Şura) rəisi Məhəmmədəmin Rəsulzadə ilə xariciyyə naziri Məhəmmədhəsən Hacınski imzaladılar. Müahidənamə­nin 4-cü maddəsində yazılmışdı:

“Azərbaycan Hökuməti-Cümhuriyyəsi tərəfindən tələb vüquunda[2] hökuməti-Osmaniyyə intizam və asayişi-daxilinin təmin və iadəsi üçün lədə-l-icab[3] silah qüvvətiylə müavinətdə[4] bulunacaqdır”.

Bu maddəyə əsasən, Mürsəl [Bakı] paşanın komandanlığı altında Beşinci Qafqaz diviziyası Azərbaycana göndərildi. Həmin diviziya ilə general-leytenant Əli ağa Şıxlinskinin komandanlığındakı Azərbaycan hərbi qüvvələri Qafqaz İslam Ordusu adı altında birləşdirildi, Osmanlı hərbiyyə naziri Ənvər paşa Orduya rəhbərliyi öz qardaşı Nuru [Killigil] paşaya tapşırdı.

Ordu bu cür formalaşdıqdan sonra son hədəf Bakı olmaqla, bolşeviklərin işğalı altındakı ərazilərə yürüş başlandı. Ordu Qaraməryəm, Kürdəmir, Şamaxı, Binəqədi döyüşlərində qələbə qazanaraq bolşevikləri bütün cəbhə boyu geri oturtdu. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakı şəhərini işğalçılardan tamamilə təmizləyərək şəhərə daxil oldu. Bakının azad edilməsi əməliyyatında 17 erməni, 9 rus və 10 gürcü zabiti ilə birlikdə 1.151 erməni, 383 rus, 4 ingilis və 113 başqa millətlərə mənsub əsgər əsir alındı. Bakı uğrunda döyüşlərdə düşmənin 800-1000 canlı qüvvəsi məhv edildi.

Sentyabrın 16-da qələbə münasibətilə Qafqaz İslam Ordusu hissələrinin Bakı ətrafında paradı keçirildi. Paradda Nuru paşa, Xəlil paşa, Əli ağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan hökumətinin üzvləri, bu qələbəni sevinclə qarşılayan Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər. Paraddan sonra dövlət qurumlarının təmsilçiləri və yerli sakinlər qoşun bölmələrinin müşayiəti ilə Bakıya daxil oldular. Bakının azad edilərək müstəqil Azərbaycan dövlətinin yeni paytaxtına çevrilməsi ilə bağlı hökumət başçısı Fətəli xan Xoyski öz minnətdarlıq və təbrikini Nuru paşaya bu sözlərlə bildirdi:

“...Komandanız altında bulunan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətim zati-həmiyyəti-pərvəranələrinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edərim”.

Qələbə münasibətilə isə Ənvər paşa o zaman İstanbulda olan Məhəmmədəmin Rəsulzadəni təbrik etdi. Rəsulzadə bu barədə yazır:

“O zaman biz İstanbulda idik. Mərkəzi Avropa dövlətlərinin iştirakı ilə toplanacaq konfransda iştirak üçün digər Qafqaz Cümhuriyyətləri ilə bərabər Azərbaycan Cumhuriyyətini təmsil edən Heyəti-Mürəxxəsənin rəisi idik. O dövrün hərbiyyə naziri və Başkomandan vəkili olan Ənvər paşa həzrətləri telefon etdi: “Əmin bəy, Bakı alındı!”. Bu qısa xəbərin məndə doğurduğu təsiri qabil deyil, təsvir edə bilmirəm. O təsiri hələ unuda bilmirəm”.

1919-cu ildə Azərbaycan hökumətinin qərarı ilə 15 sentyabr – Bakının qurtuluşu günü qeyri-iş günü elan olundu.

Bakıya komendant təyin edilir

Azərbaycan Cümhuriyyətinin hərb tarixini və Qafqaz İslam Ordusunun Bakını azad etməsi ilə bağlı geniş tədqiqat əsərlərinin müəllifi Mehman Süleymanov “Nuru paşa və silahdaşları” əsərində yazır:

“Bakı şəhəri alındıqdan sonra Nazim bəy şəhərin komendantı təyin edildi. Şəhərdə nizam-intizamın və asayişin çox qısa bir zamanda bərpa edilməsində onun da böyük rolu var idi. Nazim bəy Azərbaycanın milli qoşun hissələrinin formalaşmasında da müəyyən işlər görmüşdü. Bakı şəhər komendantı vəzifəsini icra etməklə bərabər, o, Nuru paşa tərəfındən 2-ci Azərbaycan fırqəsinin komandiri təyin edilmişdi. Ancaq Mudros müqaviləsinin şərtləri üzrə türk qoşunlarının Azərbaycandan çıxarılması ilə bağlı olaraq Nazim bəy təəssüf ki, 2-ci milli fırqənin formalaşdırılmasını başa çatdıra bilmədi. Türkiyəyə qayıtdıqdan sonra Nazim bəy İstiqlal mücadiləsinə qoşuldu və Vətəninin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu”.

Beləliklə, aydın olur ki, vizitka sahibi Nazim bəy Nuru paşa tərəfindən Bakının komendantı təyin olunmuş Qafqaz İslam Ordusunun fədakar zabitlərindən Mehmed Nazim bəydir.

Nazim bəyin ömür yolu

Mehmed Nazim bəy 1886-cı ildə Kayserinin Güllükbaşı məhəlləsində doğulub. Atası Camal bəy Gümüşhanədə Poçt-Teleqraf müdiri olub, Nazim bəy də ilk təhsilini burada alıb. Ardınca Beşiktaş əsgəri rüşdiyyəsini, Çəngəlköy əsgəri edadiyyəsini bitirib, 14 yanvar 1904-cü ildə Hərbi məktəbə yazılıb. 20 sentyabr 1907-ci ildə leytenant rütbəsi ilə bu məktəbdən məzun olub. Ardınca Hərb Akademiyasına daxil olan Nazim bəy 13 avqust 1910-cu ildə buranı üçüncülüklə bitirib. 13 fevral 1911-ci ildə könüllü olaraq Yəmən cəbhəsinə yollanıb, 3 il orada xidmət etdikdən sonra vəzifəsinə Rumıniyada davam edib.

Rumıniyada böyük hərbi şücaətlər göstərən Nazim bəy müttəfiq Osmanlı və Almaniya dövlətlərinin medalları və nişanları ilə təltif edilib, minbaşı rütbəsinə yüksəldilib. Ardınca 1916-cı ildə Makedoniya cəbhəsinə göndərilən Nazim bəy, burada da uğur qazanıb, hərbi medallara layiq görülüb.

Makedoniyadan İstanbula qayıtdıqdan sonra isə ona daha bir tarixi vəzifə tapşırılıb: Bakını erməni, rus və ingilislərdən azad etmək. Nazim bəy Qafqaz İslam Ordusunun qərargah rəisi təyin edilib.

Beləliklə, o, əvvəlcə Gəncəyə, daha sonra Bakıya gəlib.

Nazim bəyin Gəncəyə gəlişi haqqında “Hümmət” qəzeti yazırdı: “Nazim Paşa qabaqca Gəncəyə gələrək camaat tərəfindən təntənəli surətdə istiqbal edilmişdi. Vağzaldan şəhərə kimi xalçalar döşənərək hər yerdə izdiham var idi. Musiqi dəxi çalınırdı”.

Komendant təyin olunduqdan sonra Nazim bəy Bakıda asayişi, əmin-amanlığı qoruyub, Azərbaycan türklərinin sevimlisi ünvanını qazanıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, mühərrir Əhməd Həmdi Qaraağzadə mühacirətdə ikən “Yeni Kafkasya” jurnalının 24-cü sayında “15 sentyabr 1918” adlı məqaləsində o günləri belə xatırlayırdı: “İslam ordusu komandanı Nuru paşa həzrətləri sevimli siması ilə Bakıya girərkən minlərlə xalq ona qəlbdən və vicdani-millidən qopan hörmətlə baş əyir, digər tərəfdən vüqarlı və ciddi duruşu dərin bir etimad təlqin edən gözləriylə Mürsəl paşa da sürəkli alqışlarla qarşılanır, böyük fədakar və qəhrəman vətənpərvər şəhid Nazim bəy də əl üstündə gəzdirilir, bütün türk ordusu xalqın minlərlə alqış tufanıyla türk oğlu türk vətənini, Bakını ziyarət edirdi”.

Nazim bəyin Bakıdan sonrakı həyatı

Osmanlı dövləti Mudros müqaviləsini (30 oktyabr 1918) imzaladıqdan sonra Qafqaz İslam Ordusu və onun komandanları Qafqazı tərk etməli olub. Nazim bəy bu dəfə Mustafa Kamal paşanın başlatdığı milli mücadiləyə qoşulmaq məqsədilə Anadoluya gedib. O, Anadoluda yunanlara qarşı mücadilə aparıb, xilafət tərəfdarlarının qaldırdığı üsyanların yatırılmasında rəşadət göstərib. I və II İnönü savaşlarında iştirak edən Nazim bəy 15 iyul 1921-ci ildə yunanlarla döyüşdə şəhid olub.

Dilqəm ƏHMƏD

Qaynaq:

  1. Mehman Süleymanov. “Nuru paşa və silahdaşları”. Bakı, 2014
  2. Akif Aşırlı. “Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu”. Bakı, 2007
  3. “Yeni Kafkasya” jurnalı, 24-cü say
  4. Mehmet Tunçkol. “Şehit Miralay Mehmet Nâzım Bey Bolu'da”.
  5. Ə.Tahirzadə, D.Əhməd. “Azərbaycan Cümhuriyyəti (1918-1920). Qısa tarixi oçerk”. Bakı, 2018


[1] Arasında bağlanmış.

[2] Tələb edilərsə.

[3] İntizam və asayişin təmin edilməsi və bərpası üçün lazım gələrsə..

[4] Yardımda.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər