“Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanın imzalanmasından keçən müddətdə nə işlər görülüb və hansı evlər kirayə olaraq təklif olunacaq? Layihə çərçivəsində hansı işlərin görüldüyünə gəldikdə, artıq müraciət mexanizmi hazırdır və müraciətin aktiv hala gətirilməsinə ehtiyac var.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.
Ekspertin sözlərinə görə, İpoteka və Kredit Zəmanət Fondunun təklif edəcəyi mənzillərlə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək:
“Məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın zonalar, eləcə də mənzil parametrləri üzrə məlumatları axrarış sistemi vasitəsi ilə əldə etməsidir. Digər tərəfdən, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi üçün kalkulyatorun hazırlanması həyata keçirilir.
Kirayə evlər üçün müraciət elektron olacaq və müraciətlərə növbəlik əsasında baxılacaq. Müraciət yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil, həmçinin “ASAN xidmət” mərkəzləri vasitəsilə də həyata keçiriləcək. Vətəndaşlar “ASAN xidmət” mərkəzləri vasitəsilə ilə də kirayə evlərə müraciət edə biləcək”.
Vüqar Bayramov bildirib ki, kirayə evlər üçün əsas maliyyə bazasının fondun yerləşdirdiyi istiqrazlardan əldə edilən gəlir olacağı gözlənilir:
“Fond 110 milyon manatlıq istiqraz yerləşdirməsi prosesinə başlayıb. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 25 iyun 2019-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 110 milyon manat, bir istiqrazın nominal dəyəri min manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Qeydiyyata almadan qısa müddət sonra fond istiqrazların yerləşdirilməsi barədə elanlar verilməyə başlanıb. 22 İyul, 19 avqust, 13 sentyabr tarixində belə elanlar fond tərəfindən yayımlanıb. Sonuncu dəfə sentyabrın 13-də fond 30 milyon manatlıq istiqraz satıb. Deməli, fond maliyyə cəlb edir.
Adi ipoteka kreditlərin verilməsinin, demək olar, dayandırıldığını nəzərə aslaq fondun bu vəsaiti kirayə təklif etmək üçün mənzillərin alışına yönəltdiyini güman etmək olar”.
Ekspert qeyd edib ki, fond birinci mərhələdə Sumqayıt, Bakı ətrafında mənzillərin alınmasına üstünlük verir:
“Xüsusən də Xırdalan, Masazır kimi şəhər ətrafı yerlərdə daha çox mənzil təklif edilməsi gözlənilir. Amma təbii ki, mərhələli şəkildə paytaxtın mərkəzi zonalarında da belə mənzillər olacaq. Güman olunur ki, marağın yüksək olmasını nəzərə alaraq fond çalışır, müraciət başlayan zaman daha çox mənzil təklif etmək imkanı olsun ki, tələbi müəyyən hissəsini qarşılaya bilsin. Bununla belə, mövcud şərtlər daxilndə fond kirayə evlər ilə bağlı müraciəti bu il aktivləşdirə bilər”.