İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yoxlama aparıb.
İSN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, xidmət tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 19, 520-ci məhəllə ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Kənan Çingiz oğluna məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların çaşdırılması halları müəyyənləşdirilib.
Belə ki, satışda mallara 70 faiz endirim tətbiq edilməsi barədə mağazanın vitrin pəncərəsində reklam yayımlansa da, mağazada satışda olan malların qiymətlərinə endirimin tətbiq edilmədiyi aşkar olunub. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib. Bununla əlaqədar, dövlət xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.
Qanun pozuntusuna yol vermiş fiziki şəxs Kənan Nəbiyev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Naibə