9 Oktyabr 2019 16:30
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kimya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim, “Şöhrət” ordeni laureatı, Polimer Materialları İnstitutunun Kapsuləmələgətirən polimerlərin texnologiyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Yavuz İsmayıl oğlu Rüstəmov oktyabrın 8-də 86 yaşında vəfat edib.

Teleqraf.com-a bu barədə AMEA-dan məlumat verilib.

Yavuz Rüstəmov 1933-cü il may ayının 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1952-ci ildə Ordubad şəhər 1 saylı orta məktəbini, 1957-ci ildə isə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Kimya-texnologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Alim həmin il təyinatla Sumqayıt “Sintetik kauçuk” zavoduna göndərilib, 1957-1961-ci illərdə sözügedən zavodda növbə rəisi və polimerləşmə sexinin texnoloqu vəzifələrində çalışıb.

1961-1963-cü illərdə Yavuz Rüstəmov Azərbaycan Xalq Təsərrüfatı Şurasında baş mütəxəssis, 1963-1969-cu illərdə “Sumqayıt superfosfat” zavodunda baş mühəndis kimi fəaliyyət göstərib.

Professor Yavuz Rüstəmov 1969-cu ildən ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışıb. O, 1973-cü ildə texnika üzrə elmlər namizədi, 1984-cü ildə texnika elmləri doktoru alimlik dərəcələrini, 1994-cü ildə isə professor elmi adını almışdır. 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Onun elmi yaradıcılığında kimya texnologiyasının nəzəri əsaslarının işlənib hazırlanması, çoxfazalı sistemlərdə kinetik, hidrodinamik, istilik və maddələr mübadiləsi proseslərinin modellərinin yaradılması, kimyəvi sistemlərin tam riyazi modellərinin tərtibi, kimya proseslərinin mexanizmi ilə texnoloji və aparat tərtibi arasındakı əlaqənin nəzəri prinsiplərinin hazırlanması kimi məsələlər mühüm yer tutmuşdur. Alimin rəhbərliyi altında tozvari maddələrin dənəvərləşdirilməsi, onların polimer örtüklərlə kapsullaşdırılması, qurudulması, kapsuləmələgətirən polimerlərdən olan sellülozanın törəmələrinin müxtəlif xammallardan alınması proseslərinin yeni üsulları işlənib hazırlanıb, natrium-karboksimetilsellülozun alınması prosesinin elmi əsasları yaradılıb.

Alimin elmi-tədqiqat işlərinin nəticələri 1 monoqrafiya, 200-dən çox elmi əsər və 20-dən artıq müəlliflik şəhadətnaməsində əksini tapmışdır.

AMEA-nın müxbir üzvü Y.Rüstəmov apardığı elmi işlərin nəticələrinə görə SSRİ Xalq Təsərrüfatı Nəaliyyətləri sərgisinin “Gümüş medalı”, “SSRİ ixtiraçısı” döş nişanı, D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin diplomu və Fəxri fərmanına layiq görülmüşdür. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə AMEA-nın 60-illik yubileyi münasibətilə dövlət başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmişdir.


Müəllif: Teleqraf.com