10 Oktyabr 2019 11:58
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qrip spesifik xəstəlikdir. Bizim cəmiyyətdə qrip xəstəliyinə normal münasibət göstərilmir. İstər burun tutulsun, istər boğaz ağrısın, bunları qrip kimi qələmə verirlər. Halbuki qrip - qrip virusları tərəfindən törədilən, çox böyük yoluxuculuq qabiliyyəti olan, milyonlarla insanların həyatına son qoya bilən, ölümcül ağırlaşmalara səbəb olan ciddi virus xəstəliyidir".

Bu sözləri Teleqraf.com-a pediatr Vaqif Qarayev Səhiyyə naziri Oqtay Şirəliyevin “2019-2020-ci ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmrini şərh edərkən bildirib.

Həkimin sğzlərinə görə, qrip viruslarının A, B, C tipləri mövcuddur: "Ən təhlükəlisi A virusudur. Quş qripi, donuz qripi A virusunun mutasiya olunmuş formasıdır. Dünyada 50 milyon insanın həyatına son qoymuş qrip epidemiyaları var. Qriplə kəskin respirator xəstəlikləri başqa-başqa xəstəliklərdir. Onları biri-birinə qarışdırmaq olmaz”.

Vaqif Qarayev xəstəliklərin profilaktikasının güclənməsi ilə bağlı əmri təqdirəlayiq hal sayır: “Dünya təcrübəsində də belədir. Mövsümlərdə xəstəliklərlə bağlı müəyyən tapşırıqlar verilir. Amma əhalinin bu məsələdə necə davranması barədə də maarifləndirici tədbirlər görülməlidir:

İlk növbədə qriplə kəskin respirator xəstəliklərin arasında fərq olduğunu anlamalıyıq. Kəskin respirator xəstəlikləri başqa viruslar, qrip isə qrip virusları tərəfindən törədilən xəstəliklərdir. İnsanların ilbəil müqaviməti, immuniteti zəifləyir”.

Vaqif Qarayev hazırda insanların etibar etmədiyi peyvəndlərdən də danışıb: “Mütəxəssislər konkret regionlarda, məsələn, Qafqaz regionunda hansısa virusun olacağını öyrənirlər. Sonra həmin virusa uyğun əhalini vaksinasiyaya çağırırlar. Bizdə uşaqlar üçün qorxulu xəstəliklərə vaksinasiya etmirlərsə, qripə görə peyvəndin ediləcəyini gözləmək gülünc olar. Bizim cəmiyyət vaksinasiyanı hələ də düzgün qavraya bilmir. Xəstəliklərdən qorunmaq yolu vaksindir. Bu barədə əhali arasında ciddi maarifləndirmə işi aparılmalıdır”.

Pediatr peyvənddən imtina təkcə Azərbaycanda yox, bütün dünyada olduğunu bildirib: “Amerikanın bir neçə iri ştatında peyvəndsiz uşaqların məktəbə gəlməsinə qadağa qoyulması faktı da var. Bunun üçün hətta cərimələr də tətbiq olunur. Yəqin buna səbəb miqrantların vaksin əleyhinə düşüncələridir.

Peyvənd, yəni qoruyucu vaksinlər təbabətin uşaqları ölümdən xilas eləmək üçün ən son ixtiralarından biridir. Dünya tibb ədəbiyyatı və Dünya Səhiyyə Təşkilatının təlimatlarında ölümcül xəstəliklərdən qorunmağın yeganə yolu peyvənd göstərilir. Təbabətdə bunun üçün başqa üsula east gəlinmir.

Cəmiyyətimizdə peyvəndlərin əqli zəiflik, autizm və başqa xəstəliklər yaratmasına səbəb olduğu düşünülür. Bu halda sual olunur: əgər peyvəndlər belə xəstəlik yaradırsa, bəs nəyə görə inkişaf etmiş ölkələrdə valideynlər övladlarını asanlıqla bu cür xəstəliyin qurbanına çevirirlər?

Onu da xatırladım ki, peyvənddən imtina edən ölkələr də var. Nümunə olaraq Rusiyanı göstərə bilərəm. Baxmayaraq ki, Rusiya cəmiyyəti vaksinlərdən imtina edir, ölkə özü isə vaksin istehsal edir”.

Pediatr valideynlərin vaksinləri qorxu ilə qarşıladığını təəssüflə qeyd edib: “Mən pasiyentlərimdən bu barədə soruşduqda normal arqument ortaya qoya bilmirlər. “Kimlərsə dedi” söyləyib tutarsız amillərlə əsaslanırlar. Məsələn, Hindistan vaksini deyilən peyvənd var. Əhalimiz ondan qorxsa da, mən bir həkim kimi o vaksinlərin heç bir mənfi təsirlərini görməmişəm”.

Vaqif Qarayev bəzən həkimlərin vaksinlərə neqatv münasibət göstərməsini təəssüflə xatırladıb: “Ən pisi odur ki, bəzən həkimlər də analoji fikirləri bölüşürlər. Məsələn, Ruminiyada keçən il qızılca epidemiyası yayılmışdı. Çox qısa müddət ərzində əlliyə yaxın ölüm qeydə alındı. Dünya Səhiyyə Təşkilatı hökumətə köməkdən imtina elədi. Arqumentini də bununla əsaslandırdı ki, hökumət əhalini düzgün maarifləndirməyib.

Başqa bir misal, keçən il Gürcüstanda bir tərəfdən qızılca, bir tərəfdən də donuz qripi tüğyan edirdi. Beləliklə, iki ağır xəstəliyin epidemiyası gedirdi. Hökumət əhalidən qızılcaya tutulanların hamısının peyvəndsiz olduğunu gizlətmədi və o vaxt Türkiyə hökuməti Gürcüstana bu məsələdə yardım etdi".

Vaqif Qarayev vaksinlərin bəzi xəstəliklərin qarşısını tam ala bilmədiyini də vurğulayıb: “Kəskin respirator xəstəliklərinin qarşısını vaksinlərlə almaq mümkün deyil. Alimlər artıq qripin müalicəsini tapıb deyə guya uzunmüddətli vaksinlərdən danışırlar. Belə bir vaksinlər yoxdur.

Amma polivaksinlərlə insanın ya xəstələnməməsi, ya da xəstəliyi çox yüngül keçirməsini təmin etmək olar. Sivil dünya bundan istifadə edir. Həmin vaksinlər özəl klinikalarda var”.

Vaqif Qarayevin qızdırmalı uşaqların peyvənd edilməsinə münasibəti belə olub: “Sovet dönəmində peyvəndə çoxsaylı əks-göstəricilər vardı. İndiki peyvəndlərin təlimatını oxuyanda demək olar ki, əks-göstərici olmadığını görürük. Qızdırmalı uşaqlara peyvənd eləmək olar. Avropa da eyni cür hərəkət edirlər. Peyvənd ümumiyyətlə uşağa qızdırma verir. Çünki uşağın bədəninə zülal yeridilir. 24-48 saat müddtində qızdırma mümkündür.

Peyvəndin əhəmiyyəti böyükdür . İki il qabaq Londonda çox hay-küylü məhkəmə prosesi keçirildi. Bir qrup valideyn və vəkil peyvənd autizm yaradır deyə iddia qaldırmışdılar. Məhkəmə bunun əksinə qərar verdi. Autizmə gəldikdə isə onun səbəbini tibb hələ də aşkar edə bilməyib. Daha çox irsi faktorun üzərində dayanılır. Dərinliyə getsək, bəlkə, bu xəstəliyin adı heç autizm də deyil”.
Pediatr uşaqların qripə yoluxması zamanı görüləsi tədbirləri də qeyd edib: "Bu, müəyyən mənada böyüklərə də aiddir. Amma uşaq kollektivlərində yoluxma ehtimalı həddindən artıq çoxdur. İlk profilaktik tədbir xəstə uşağın bağçaya, məktəbə getməməsidir. Çünki bu halda özü gec sağalacaq və ağırlaşma ehtimalı həddindən artıq çoxdur.

İkincisi, o, sağlam uşağı da xəstələndirə bilər. Ona görə də bağçalarda mütləq tibb personal olmalıdır. Bildiyim qədərilə özəl bağçalarda hətta həkim də var.

Bundan başqa, şəxsi gigiyenaya fikir verilməlidir. Əllər tez-tez yuyulmalı, açıq havada olmalı, insanların sıx toplaşdığı yerdən uzaq durulmalıdır. Eyni zamanda, gündəlik menyu meyvə-tərəvəzlə zəngin olmalı, zülallar, yağlar lazımi miqdara çatdılmalıdır. Otağın havası tez-tez dəyişilməlidir.

Valideyn 1 yaşa qədər uşaqlara südəmər dövrdə qızdırmasalıcıların ilkin dozasını həkimsiz verə bilər. Başqa heç nə etməməli, həkimə müraciət olunmalıdır. Virtual müalicə yolverilməzdir”.


Müəllif: İmamət İsmayılova