10 Oktyabr 2019 23:42
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Piylənmənin bəzi səbəbləri var. Qalxanvari vəzi xəstəlikləri, hormonal dəyişikliklər nəticəsində artıq çəki yaranır. Burada irsiyyət faktoru da mövcuddur. Amma, bu, hamıda belə deyil. Biz surətpərəst millətik. İstəyirik ki, uşaqlarımız kök olsun. Köklük heç vaxt sağlamlıq göstəricisi ola bilməz.

Bu sözləri Teleqraf.com-a pediatr Vaqif Qarayev bildirib.

Onun sözlərinə görə, sağlamlığın parametrləri çəki dərəcəsindən və artıq çəkiylə ölçülmür. Bu siyahıda ən sonuncu yerdədi:

“Cəmiyyətimizdə belə bir fikirlər səslənir ki, köklük xəstələnməni azaldır. Bu, kökündən yanlış fikirdir. Düzgün qidalanmamaq, həddindən artıq şirniyyat yemək, artıq çəkiyə səbəb olan amillərdəndir. Şirniyyatı çox yemək gizli şəkərə səbəb ola bilər. Şirniyyat başqa xəstəliklərin də yaranmasına gətirib çıxara bilər”.

Vaqif Qarayev uşaqlarda köklüyə səbəb olan hallardan da danışdı:

“Çox maraqlıdır ki, özü kökəlməmək üçün şirniyyat yeməyən ana övladına şirniyyat verir. Bu paradoksdur. Yaşından asılı olaraq uşaqların gündəlik menyusu olmalıdır. Şirniyyat bütün uşaqların əvəzolunmazıdır. Amma, buna aludə olmaq olmaz. Hərəkətsizlik də köklüyə səbəb olur. Əzələlər, qan damarları işləmir, buna görə də kökəlmə baş verir. Hər yaşın özünə uyğun idman hərəkətləri var. Bunu etməsə də, açıq havada daim uşaq gəzməlidir. Uşaqların uşaqlığını əlindən almaq olmaz. Digər uşaqlarla oynamağa ünsiyyət qurmağa imkan verilməlidir. Bundan başqa, menyunun düzgün seçilməməsi,”fast food”lar (fast fudlar) da var.

Fast foodların artıq çəki yaratmasını vurğulayan Vaqif Qarayev onun başqa xəstəliklər yaratmasından da danışdı:

“Bu gün fast food yemək mədəniyyət göstəricisidir sanki. Hər kəs o tip yerlərə üz tutur, şəkil paylaşır. Bununla ictimaiyyətə özlərini göstərmək istəyirlər. Tibb də buna qarşıdır. Ayaqüstü yeməklər piylənməyə səbəb olmaqla bərabər, onkoloji problemlər də yaradır. Eyni zamanda, ürək, qan- damar sistemlərində mərkəzi sinir sistemində yaratdığı problemlər də mövcuddur. Sanki valideyn uşağın şəkərli diabet olmasına razıdır, amma, onkoloji xəstəlik daşıyıcısı olmağına qarşıdır”.

Vaqif Qarayev həmin ayaqüstü yeməklərin ev şəraitində təmiz yerlərdə hazırlana biləcəyini də vurğuladı:

“Elə bir insan yoxdur ki,heç olmasa, kartof qızarda bilməsin. “Free” (Fri)lər niyə tez bir zamanda qızarır, onu hansı yağla edirlər? Bu cavabsız suallardır. Avropanın bir çox ölkələrində fast foodlar rəsmi şəkildə qadağan olunub. Onları ev şəraitində, təmiz şəkildə hazırlayıb yemək olar. Bütün bunları nəzərə almaq lazımdır”.


Müəllif: İmamət İsmayılova