10 Oktyabr 2019 12:33
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, R.Rzayev əvvəlcə oktyabrın 8-də Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə açılışı həyata keçirilən Qaradağ rayonu ərazisindəki “Qobu Park 2“ yaşayış kompleksi ilə bağlı məlumatları çatdırıb.

Qeyd edib ki, bu yaşayış kompleksində 1300 ailəlik məzillər istifadəyə verilib. R.Rzayevin sözlərinə görə, bu, özəl şirkət tərəfindən inşa olunmuş bu tipli ilk binadır:

“Özəl sektorla dövlətin tikdiyi mənzillərin fərqi ondadır ki, mətbəx mebeli özəl sektor tərəfindən qoyulur, soyuducu hədiyyə olunur. Ancaq dövlətin inşa etdiyi mənzillərdə yalnız mətbəx mebeli və avadanlıqları olur”.

R.Rzayev mənzillərin bölgüsü ilə bağlı artıq püşkatmanın başladığını bildirib:

“Komitənin əməkdaşları bu işə cəlb olunub. Bir, iki, üç və dörd otaqlı mənzillər köçkünlər arasında bölünüb. Bölünmə ailə sayına uyğun həyata keçirlib. Bununla bağlı Nazirlər Kabinetinin qərarı var. Belə ki, ailədə 2 nəfər olanlara 1, 3 nəfər olanlara 2 otaq, 4 və 5 olanlara 3, 6-7 və nəfər olanlara isə 5 otaqlı mənzillər verilir. Hansı mərtəbə, hansı mənzil olacağı isə püşkatma zamanı müəyyənləşir. Bundan sonra dərhal, elə oradaca müqavilə hazırlanır”.

R.Rzayev bildirib ki, bu ilin sonunadək dövlət komitəsi tərəfindən 3700-dən bir az çox mənzil məcburi köçkünlər üçün tikilib istifadəyə veriləcək:

“Bəzi qəsəbələr artıq inşa olunub, bəzilərində isə tamamlama işləri görülür. Yaxın günlərdə Şirvan şəhərində 645 mənzilli evlər tikilib istifadəyə veriləcək. 146 ailəlik fərdi evlər Beyləqən rayonunda tikilib. Göyçay rayonunda bir bina təhvil verilməyə hazırdır. Göygöl və Ucar rayonlarında da tikilir. Kürdəmir rayonunda da bir bina yaxın günlərdə təhvil veriləcək”.

R.Rzayev gələn il üçün komitə tərəfindən layihələrin hazır olduğunu bildirib. Qeyd edib ki, bununla bağlı ali rəhbərliyə məruzə olunacaq:

“Komitənin fəaliyyətinə gəldikdə isə bilirsiniz ki, mən 2018-ci il aprel ayının 21-də komitəyə rəhbər təyin olunmuşam. O vaxtdan çalışırıq ki, üzərimizə düşən işi həyata keçirək. Komitənin sədri hər həftənin ikinci, sədrin müavinləri və aparat rəhbəri üçüncü gün qəbul keçriir. Komitənin bütün şöbələri hər gün qəbul keçirir. Çalışırıq ki, manesəiz, bürokratik əngəllərdən kənar, hər kəsə əlçatan olaq. Hər ayın bir günündə komitə sədri və müavinləri rayonlarda qəbul keçirir. Komitə tam şəffaf fəaliyyət göstərir.

Ən ağrılı problemlərdən biri evlərin paylanması ilə bağlıdır. Bununla bağlı işlər ali rəhbərliyin tapşırığına uyğun olaraq tam şəffaf həyata keçirilir. Müvafiq komissiya fəaliyyət göstərir. İlk növbədə yataqxanalarda, pansionatlarda, sanatoriyalarda, yarımtikililərdə ağır şəraitdə yaşayanların köçürülməsi həyata keçirilir. 24 min məcburi köçkün hələ də ağır şəraitdə yaşayır. Bəzi yerlərdə onlarla görüşmüşük, bəzilərində hələ görüşə bilməmişik. Köçkünlər üçün qəsəbələr salınmasından ötrü Bakı şəhərində torpaq sahəsinin ayrılması ilə bağlı müraciətlər edilir. Bu məsələ dövlət komitəsi üçün problemli məsələlərdən biridir. Azərbaycan əhalisinin 10 faizi məcburi köçkünlərdir. Bu gün 700 minədək məcburi köçkün var. Bir çox tədbir həyata keçiriə bilmişik. 12-dən yuxarı tibbi aksiya keçirmişik. 3 dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əmək yarmarkası keçirmişik. Könüllülərimiz var. Onlar bizə dəstək olurlar. BMT-nin Bakıdakı bütün ofisləri ilə bərabər Tərtər rayonun Şıxarax qəsəbəsində məcburi köçkünlər üçün tədbir küçirmişik. Yəni, çalışırıq ki, bütün istiqamətlər üzrə çoxşaxəli fəaliyyət həyata keçirək”.


Müəllif: Səxavət