10 Oktyabr 2019 14:51
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəfər Cabbarlı Mükafatı Komissiyasının növbəti iclası keçirilib.

İclasda Mukafat Komissiyasının sədri, C.Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Seyfəddinqızı, komissiya üzvlərindən Azərbaycanın xalq artisti, rejissor Mərahim Fərzəlibəyov, professor Asif Rüstəmli, filologiya elmləri doktoru Rəhim Əliyev, tərcüməçi-jurnalist Bəhlul Abbasov, kinoşünas Aydın Kazımzadə iştirak edib.

İclasda Cəfər Cabbarlı Mükafatına layiq görülən laureatlar müəyyənləşdirilib.

2019-cu ilin C.Cabarlı Mükafatına aşağıdakı görkəmli elm, mədəniyyət və incəsənət xadimləri layiq görülüb:

1. Ədəbiyyatşünaslıq nominasiyası üzrə – Türkiyənin Fırat Universitetinin əməkdaşı Doktor Səda Arıkan. Cəfər Cabbarlının hekayələri əsasında yazdığı "Aynaya yansı(ma)yanlar” monoqrafiyasına görə.

2. Kino nominasiyası üzrə – xalq artisti Rasim Balayev. Azərbaycan kino və teatr sənətinin inkişafındakı xidmətlərinə, o cümlədən "Aydın” tamaşasında canlandırdığı Dövlət bəy obrazına görə.

3. Ən yaxşı rejissor işi nominasiyası üzrə – əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov. Cəfər Cabbarlının "Ulduz” əsərinin uğurlu rejissor işinə görə.

4. Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Bəsti Cəfərova. Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə, o cümlədən "Solğun çiçəklər” tamaşasında Pəri obrazına görə.

5. Teatr nominasiyası üzrə – əməkdar artist, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Firdovsi Atakişiyev. Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə,o cümlədən Elçinin "Sənətkarın taleyi” tamaşasında canlandırdığı Ərəblinski obrazına görə.

6. Teatr nominasiyası üzrə – Şuşa Dövlət Musiqilli Dram Teatrının aktrisası Bahar Abdullayeva. Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə, o cümlədən "Oqtay Eloğlu”tamaşasında canlandırdığı Firəngiz obrazına görə.

7. Mədəniyyət nominasiyası üzrə – professor, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Məhəmməd oğlu Tahirov. Kitab mədəniyyətinin təbliği sahəsindəki xidmətlərinə görə.

8. "Könüllülər” Kitabxana İctimai Birliyinin sədri Niyaz Eyvazov. Cəfər Cabbarlı ədəbi irsinin təbliğindəki xidmətlərinə görə.

"Cəfər Cabbarlı Mükafatı”nın təqdimat mərasimi 2019-cu il 28 oktyabr tarixində saat 18.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.


Müəllif: Teleqraf.com