10 Oktyabr 22:13

İnsan Hüquqları üzrə Müvəkkilin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından Teleqraf.com-a verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələblərinə uyğun təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.

Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, tibbi yardım, gəzinti, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb. Bu məqsədlə müəssisədə saxlanılan təqsirləndirilən şəxslər təsadüfi seçim əsasında fərdi qaydada qəbul edilib.

İnternet səhifələrində qida qəbul etməməsi ilə bağlı barəsində məlumat yayılan Polad Aslanov da fərdi qəbul edilib və görüş zamanı o, qida qəbul etdiyini bildirilib.

Qəbul edilən şəxslərin müraciətləri dinlənilib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah olunub, bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə Ombudsmanın səlahiyyətləri çərçivəsində hüquqi məsləhətlər verilib.

Başçəkmənin yekununda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə saxlanılan şəxslərin hüquqlarının təmini müzakirə olunub, milli və beynəlxalq qanunvericiliyə uyğun tövsiyələr verilib.

Qeyd olunmalıdır ki, Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm başçəkmələr həyata keçirilib. Həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, tibbi xidmətin təşkili araşdırılır.

Eyni zamanda əvvəlki başçəkmələr zamanı verilən tövsiyələrin müzakirəsi təşkil olunmaqla yanaşı, icrası yerində yoxlanılır. Habelə bu qəbildən olan müəssisələrdə çalışan şəxslərə ünvanlanan, milli və beynəlxalq qanunvericiliyə, beynəlxalq müqavilə qurumlarının ölkə üzrə tövsiyələrinə əsaslanmaqla hüquqi maarifləndirici treninqlər də təşkil olunur.


Müəllif: Teleqraf.com