12 Oktyabr 2019 15:04
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 1-dən 10-na qədər Azərbaycanda əhalinin növbəti siyahıya alınması həyata keçirilib.

Hər 10 ildən baş tutan bu prosesdə sorğu anketlərini dolduranlardan biri də Prezident İlham Əliyev olub.

Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqovun Teleqraf.xom-a verdiyi məlumata görə, bu məqsədlə 42 844 nəfərlə xidməti müqavilə imzalanıb.

Komitənin mətbuat katibi Elməddin Quliyev isə "Report"a açıqlamasında bildirib ki, siyahıyaalmada ölkə vətəndaşları fəal iştirak edib. Onun sözlərinə görə, prosesin keyfiyyətini yoxlamaq üçün oktyabrın 15-nə qədər yoxlama tədbirləri həyata keçiriləcək: “Təlimatçı-nəzarətçi və sayıcılar nəzarət gəzişləri həyata keçirəcək, seçmə qaydada sayıcının işinin keyfiyyətinin yoxlanılması ilə yanaşı, evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkiləcək”.

DSK-nın Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev isə "Report"a açıqlamasında sözügedən prosesin tam baş tutduğunu qeyd edib. Onun sözlərinə görə, bu məqsədlə yaradılan qaynar xəttə cəmi 36 müraciət daxil olub.

Paytaxtda keçirdiyimiz sorğu zamanı da insanların böyük əksəriyyəti sıyahiyaalmada iştirak etdiyini, bir qismi isə evdə olmaması səbəbindən iştirak edə bilmədiyini qeyd edib.


Müəllif: Teleqraf.com