15 Oktyabr 2019 09:23
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri 2012-ci ildə “Ümumtəhsil məktəblərində “Şahmat” fənninin tədrisinin davam etdirilməsi tədbirləri haqqında” əmr imzalayıb.

Teleqraf.com orta məktəblərdə şahmat dərslərinin tədris vəziyyəti ilə bağlı sorğu keçirib.

Bakı şəhər 5 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məlahət Hüseynova bildirib ki, məktəbdə şahmat dərslərini Arif Nəsibov adlı şəxs keçir: “O, həm də idman dərsini tədris edir. Məktəbimizdə şahmat dərsləri həftədə 3 dəfə, ikinci, üçüncü və dördüncü siniflər üçün keçirilir”.

Bakı şəhər 9 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Günay Heydərova isə məktəbdə şahmat dərslərinin tədris edilmədiyini bildirib: “Hələlik bizdə şahmat dərsləri keçirilmir. Amma gələcək üçün bu haqda düşünürük”.

Bakı şəhəri 12 nömrəli tam orta məktəbin işçisi Nazənin Qasımova da məktəbdə bu fənnin keçirilmədiyini deyib.

Bakıda 24 nömrəli tam orta məktəbdə şahmat dərsi tədris edən Səbinə Abdullayeva vurğulayıb ki, şahmat dərslər hər gün saat 12:10-dan 13:50-ə qədərdir: “Bundan başqa, birinci, ikinci siniflər üçün şahmat 45 dəqiqə nəzərdə tutulub. Bu da valideynlərin uşaqlarını dərsdən sonra məktəbdən tez götürməsi ilə bağlıdır. Bəzi valideynlər uşaqlarının bu dərsdə çox otura bilməməsini əsas gətirib, uşağı dərsdən tez çıxarırlar. Biz də bunu nəzərə alıb onlar üçün dərsin müddətini 45 dəqiqə etdik”.

Bakı şəhəri 27 nömrəli tam orta məktəbin müəllimi Zeynəb Məmmədova məktəblərində şahmat fənninin tədris edilmədiyini bildirib. 29 nömrəli tam orta məktəbin direktor köməkçisi Türkan İmaməlilinin sözlərinə görə, hələ ki bu fənn tədris olunmur, yaxın müddət üçün planlaşdırılır.

33 nömrəli tam orta məktəbin idman müəllimi Zənurə Məmmədovanın sözlərinə görə, şahmat dərsləri yalnız yay aylarında keçirilir: “Qışda bu fənnə tələbat olmadığından onun tədrisi yaya saxlanılır”.


Müəllif: İmamət İsmayılova