14 Oktyabr 2019 18:13
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda balıqartırma və balıqyetişdirmə müəssisələri dövlətin balansından çıxarılaraq şəxsi mülkiyyətə verilib. Bununla da bu sahədə olan boşluqların həllinə nail olunacağı gözlənilir”.

Bu sözləri Teleqraf.com-a ekoloq Telman Zeynalov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadənin son illər balıq ehtiyatlarının artırılması sahəsində effektiv tədbirlərin görüldüyü fikrini şərh edərkən bildirib.

Telman Zeynalovun sözlərinə görə, Azərbaycanda olan balıqartırma və balıqyetişdirmə zavodları əcnəbi ölkələrə yerli balıq ixracını təmin edir:

“Azərbaycanda fəaliyyət göstərən istər balıqartırma, istərsə də balıqyetişdirmə zavodları xarici ölkələrə balıq ixrac edir. Öz bazarlarımızda isə həmin ölkələrin balıq məhsulları satışdadır. Bu da qiymətlərə təsirsiz ötüşmür”.

Ekoloq həmçinin bazarda balıqların qiymətlərinin süni şəkildə artırılmasınına güclü nəzarətin vacibliyini də vurğulayıb.

Telman Zeynalov balıq ehtiyatlarının azalmasından da danışıb:

“Göllərin çirklənməsi və digər hallar balıq ehtiyatlarını azaldır. Bunun səbəblərindən biri də insan faktorudur. Məsələn, ovçular müəyyən dövrlərdə heyvanlara güllə atmır. Yəni heyvanların balalama vaxtlarında ov etməməklə onların sayının azalmasında bir növ iştirak etmir.

Balıqçılar isə bütün fəsillərdə balıq tutduğuna görə balıq sayında həddindən artıq azalma müşahidə olunur. Bu məsələnin də aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən güclü nəzarət olmalıdır”.


Müəllif: İmamət İsmayılova