17 Oktyabr 2019 14:41
2 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş nazirinin müşaviri Arşak Karapetyan 2016-cı il aprel ayında Azərbaycan ordusu ilə dördgünlük savaşın nəticələrini araşdırmaq üçün qurulmuş komissiyanın iclasına çağırılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının sədri, millət vəkili Andranik Köçəryan komissiyanın bu gün keçirilən iclasında bildirib.

Arşak Karapetyan 2016-cı ilin aprel döyüşləri vaxtı Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəhbəri olub. O, bu posta keçmiş prezident Serj Sərkisyan tərəfindən təyin edilmişdi.

Erməni KİV-in məlumatına görə, döyüş vaxtı kəşfiyyat işlərinin zəif aparılması səbəbindən Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinə məğlub olub.

General-mayor Arşak Karapetyan 2018-ci ilin dekabrında baş nazirin müşaviri təyin edilib.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan Karapetyanın təyinatı ilə bağlı şərh vermək məcburiyyətində qalmışdı:

“Həmin vaxt kəşfiyyat işinin zəif təşkil edilməsinə görə əsas məsuliyyəti Karapetyanın daşıdığını deyirlər, onu deyə bilərəm ki, o vaxt Karapetyan daha yüksək səlahiyyətə malik deyildi. Bundan əlavə, dörd günlük müharibə ilə əlaqədar yüzlərlə gizli material oxumuşam və o günlərdə kəşfiyyatın olmaması barədə məlumat tapmadım. Müharibədən bir ay əvvəl bölgədə hərbi hərəkətlilik var idi və bunu hamı bilirdi”.

Paşinyan bununla dördgünlük savaşda məğlubiyyətə uğrayan erməni ordusunun kəşfiyyat və digər məsələlərə görə yox, canlı qüvvə və hərbi texnika baxımından Azərbaycan Silahlı Qüvvələrindən zəif olduğunu etiraf edib.


Müəllif: Mənsur Rəğbətoğlu