18 Oktyabr 01:53

Bu il BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 30 illiyi qeyd edilir.

Ombudsman Aparatından Teleqraf.com-a verilən məlumata görə, bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilib, iqtisadi, sosial, mədəni, hüquqi və digər sahələrdə mühüm islahatlar aparılır.

Hər il olduğu kimi, bu il də Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

Bu məqsədlə aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, QHT və KİV-lərə, icmalara ünvanlanan müraciətlər əsasında müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur ki, bu da uşaqların hüquqlarının səmərəli təmininə və təbliğinə, həmçinin onların fəallığına və iştirakçılığına xidmət edir.

Məlum olduğu kimi, Avropa Şurası bu il 18 noyabr tarixinin Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsinə dair Avropa Günü kimi qeyd edilməsini qərara alaraq, bununla bağlı müvafiq tədbirlər, proqramlar və başqa təşəbbüslərin həyata keçirilməsi ilə əlaqədar üzv ölkələrə müraciət edib.

Qeyd edilməlidir ki, Aylıq çərçivəsində keçirilən tədbirlərdə uşaqlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması məsələləri də müzakirə olunacaqdır.


Müəllif: Teleqraf.com