17 Oktyabr 2019 23:58
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 il bundan öncə çap edilən “Newsweek” jurnalının üz qabığında Azərbaycandakı Meydan hərəkatından biri fotoşəkil verilib, üzərində “People of the year”, yəni “İlin xalqı” ifadəsi qeyd olunub.

Kolleksiyamızda jurnalın həmin nüsxəsi mövcuddur. Jurnalın içində ölkəmizlə bağlı məqalə olmasa da, görünür, 70 illik Sovet rejiminə qarşı xalqımızın apardığı mübarizənin fotoşəkli jurnalın redaktorunu daha çox cəlb edib, azadlıq izdihamının rəsmini qapağa qoyub. Həmin qapaqdakı fotoşəkildəki insanların mücadiləsi nəticəsində cəmi iki il sonra Azərbaycan müstəqilliyini elan etdi.

1920-ci ildən sonra kommunistlər o izdiham anı gəlməsin deyə, 17 il ərzində millətimizin siyasətçilərini, ziyalılarını, yazıçılarını, şairlərini, din xadimlərini, zadəgan sinfini qətlə yetirdi, sürgün etdi, bununla yetinməyib ailə üzvlərinə min bir işgəncə verdilər. Təsadüfi deyil ki, qanlı imperiyanın simalarından olan Lavrenti Beriya “Pravda” qəzetinin 19 avqust 1936-cı il tarixli sayındakı “Sosializm düşmənlərinin külünü göyə sovurmalı” adlı məqaləsində yazırdı:

“Son vaxtlar partiya dokumentlərinin yoxlanışı və dəyişdirilməsi zamanı Zaqafqaziyada ayrı-ayrı kontrrevolüsion trotskiçi-zinovyevçi qruplar meydana çıxarılmış və ifşa edilmişdir... Öz məqsədləri və mübarizə vasitələrində kontrrevolüsioner trotskiçilər-zinovyevçilər Zaqafqaziya respublikalarından bayıra atılmış menşevik, daşnak, müsavatçı ağqvardiyaçılarla və onların gizlin agenturası ilə nəinki uzlaşmışlar, hətta Zaqafqaziya respublikalarında sosializmin qələbələrinə qarşı onların apardığı mübarizəyə başçılıq edərək onların təşkiledici qüvvəsi olmuşdular... Zaqafqaziya bolşevikləri bütün partiya ilə birlikdə irəliləyişli sayıqlığı daha yüksəldəcək və ikiüzlülərə, alçaq xainlərə və xəyanətkar kontrrevolüsioner trotskiçi-zinovyevçilərə və onların köməkçilərinə qarşı amansız mübarizəni qüvvətləndirib, sosializm düşmənlərinin külünü göyə sovuracaqlar...”

Beriyanın bu ifadəsi təşbeh deyildi, sözün əsl mənasında bir milləti yox edib, külünü göyə sovurmaq planı idi. Amma nə Beriyanın timsalında kommunistlərin bu planı baş tutdu, nə də ki Azərbaycan xalqı mübarizəsindən vaz keçdi.

1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verdi, yerdə qalanlar ya sessiyaya qatılmadı, ya da əleyhinə səs verdilər.

Müstəqilliyimizlə bağlı Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarıldı və əhalinin 95%-i bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi.

18 oktyabr tarixi 28 may, 15 sentyabr tarixi qədər önəmli bir gündür bizim üçün. Əgər 28 mayda müsəlman şərqində ilk parlamentli cümhuriyyəti qurmuşduqsa, 1988-ci ildə kommunizmə qarşı çıxaraq ilin xalqlarından biri seçilmişdik.

18 Oktyabr, Cümhuriyyətimizin qurucusu Məhəmmədəmin Rəsulzadənin mühacirətdəki 35 illik mücadiləsinin qələbə qazandığı gündür.

18 Oktyabr, 1937-ci ildə repressiyaya məruz qalan insanlarımızın ruhlarının qalib gəldiyi gündür.

18 Oktyabr, 1990-cı ildə Qorbaçovun timsalında kommunistlərin xalqımıza qarşı həyata keçirdikləri 20 yanvar terroruna qarşı qalibiyyətimizdir...


Müəllif: Dilqəm Əhməd