18 Oktyabr 2019 13:04
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şeir müsabiqəsi artıq arxada qalıb. Əlavə nəsə deməyə ehtiyac duymuram".

Bu sözləri Teleqraf.com-a ötən gün nəticələri açıqlanmış şeir müsabiqəsi hadqa danışan Kulis.az saytının baş redaktoru Şərif Ağayar deyib.

O, müsabiqənin qeyri-obyektiv keçirilməsi iddiasına belə münasibət bildirib: "Adam özü verdiyi mükafatı necə sata bilər? Balaca büdcəli bir mükafatda üzgörənlik edib nə qazanardıq? Araşdırsınlar, zərrəcə qeyri-obyektivlik tapsalar, işdən də, ədəbiyyatdan da, hətta ölkədən də getməyə hazıram".

Nəticələrdən narazı qalan şair Əsəd Qaraqaplan müsabiqəyə təqdim etdiyi şeirin ilinin irad tutulmasına etiraz edib: ‘‘Mənim şeirim onların hansı şərtlərinə uyğun gəlmirdi? Sadəcə buna cavab versinlər... Məgər müsabiqədə belə bir şərt qoymuşdular ki, 6 il öncənin şeiri çap olunmasın? Ora göndərilən şeirlərin ilinə baxıblar?

Mənim başqa heç bir iddiam yoxdu. Sadəcə haqqına davransınlar".

Əsəd Qaraqaplan müsabiqə ilə bağlı normal etiraz bildirdiyini deyib.

Qeyd edək ki, şeir müsabiqəsi sentyabrın 16-dan başlayıb. Müsabiqənin şərtlərinə görə, 35 yaşa qədər olan hər müəllif müsabiqədə iştirak edə bilər.

Ekspertlər tərəfindən qiymətləndirilən qaliblərə birinci yerə görə 500 manat, ikinci yerə görə 300 manat, üçüncü yerə görə 200 manat pul mükafatı verilib.

Müsabiqənin qalibi şair Fərid Hüseyn olub. İkinci yeri Alik Əlioğlu tutub. Üçüncü yerin qalibi isə eyni səs çoxluğu topladığına görə iki nəfərə - Malik Atilay və Elvin Bakiroğlu elan edilib.

Müsabiqənin münsiflər heyətində kifayət qədər nüfuzlu ədəbiyyat adamları - tənqidçilər Cavanşir Yusifli və Məti Osmanoğlu, şairlər Səhər Əhməd və Zahir Əzəmət təmsil olunub.


Müəllif: Dəniz Pənahova