22 Oktyabr 2019 16:53
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliteni"nin sədri Zaur Hüseynovla "Metrovaqonmaş"ın baş direktoru Boris Boqatıryov arasında bağlanan müqaviləyə əsasən, vaqon parkımız yenilənəcək. Müqavilədə vaqon konstruksiyasının səs-küy və istilikdən izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orijinal qrafikalı informasiya sistemləri, habelə “Bakı metropoliteni”nin texniki şərtlər əsasında yerli iqlim şəraitini nəzərə alan mikroiqlim nəzarəti, o cümlədən kondisioner və ventilyasiya sistemləri ilə təchiz olunması nəzərdə tutulub”.

Bu sözləri Teleqraf.com-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, nəinki Bakıda yeni metro stansiyalarının açılması, həm də köhnə vaqonların yeniləri ilə əvəz olunması “Bakı Metropoliteni” QSC-nin marağındadır:

“Üç il ərzində zavodda Bakı metropoliteni üçün 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibi hazırlanacaq. Yeni stansiyaların istismara verilməsi yeni vaqonların alınmasıyla həyata keçirilə bilər. Belə olduğu halda, bənövşəyi xəttin 3-cü stansiyası istismara veriləndə, qatarların bir yoldan digərinə keçərək hərəkəti təmin olunacaq. Bu zaman fərqli qrafik və daha qısa intervalla hərəkət təşkil ediləcək”.


Müəllif: İmamət İsmayılova