23 Oktyabr 19:12
237

“Hazırda ən çox müraciət edilən, eləcə də müzakirə olunan sosial proqram ünvanlı sosial yardım proqramıdır. Bizim qiymətləndirmə də göstərir ki, ünvanlı sosial yardım proqramının təkmilləşdirilməsinə ehtiyac var. Biz təklif edirik ki, proqramın re-brendinqi həyata keçirilsin”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Ekspertin fikrincə, vətəndaşlar arasında da ünvanlı sosial yardım proqramına “şeş-qoşa” adı verilib:

“Çünki bu proqram icra edilməyə başlayan zaman uzun müddət ünvanlı sosial yardım proqramı çərçivəsində 6 ay məmurun, 6 ay ünvanlı sosial yardım alacaq vətəndaşın prinsipi, yəni “6-6” prinsipi ilə əlaqəlidi. Doğrudur, artıq bu problemlər aradan qaldırlıb. Amma bu sözügedən proqrama olan inamın formalaşmasına səbəb olmur. Hazırda da ünvanlı sosial yardım proqramının ictimaiyyət arasındakı reputasiyası kifayət qədər pisdir.

Ümumiyyətlə, bu adı dəyişmədən həmin proqram çərçivəsində islahatların aparılması praktiki olaraq mümkünsüzdür. Eyni zamanda, proqram çərçivəsində müraciət mexanizmin asanlaşdırılması və müraciət edənlərinin sayının artırılması önəmlidir. Məsələn, mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləğinin nə üçün nəzərə alnması anlaşıqlı deyil. Xüsusuən, kommunal xidmətlər ilə bağlı dəyişikliklər aparılmalıdır”.

Vüqar Bayramov qeyd edib ki, kommunal xidmətlərin payının da dəyişdirilməsinə və ünvanlı sosial yardımdan istifadə edəcək vətəndaşlarımızın sayının artırılmasına, bununla yanaşı, məbləğə baxılmasına və artırılmasına ehtiyac var:

“Çünki minium əmək haqqı artırıldıqdan sonra ünvanlı sosial yardım proqramı çərçivəsində vəsaitin də həcminin minimum istehlak meyarına deyil, minimum əmək haqqına uyğunlaşdırılması vacibdir ki, daha çox vətəndaşımız məhz ünvanlı sosial yardım proqramından faydalana bilsin və proqram çərçivəsində vətəndaşa ödənilə vəsaiti artırmaq mümkün olsun”.


Müəllif: Mənsur Rəğbətoğlu