23 Oktyabr 18:52

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi respublika ərazisində təcili reydlərə başlayıb.

Teleqraf.com xəbər verir ki, həyata keçirilən reydlər zamanı Qaradağ-Hacıqabul istiqamətində yol kənarında antisanitar şəraitdə və öz həyatlarını təhlükəyə ataraq balıq satışı həyata keçirənlərlə söhbətlər aparılıb. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları bildirib ki, yol kənarında bu cür antisanitariya şəraitində balıq satışının həyata keçirilməsi insanlar üçün çöx təhlükəlidir: “Siz burada satış etməklə, həm öz həyatınızı, həm də insanların həyatını təhlükəyə atırsınız. Bu şəraitdə balıq satmaq olmaz”.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıq mövsümünün başlanması ilə əlaqədar Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olanlarlda ciddi mübarizə aparır.

İdarənin məlumatında bildirilir ki, Su Polisi tərəfindən ölkə ərazisində ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, yararsız qida məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti əməliyyatların icrasına başlanılıb. Antisanitar qaydada balıqların hisə verildiyi məkanları aşkar etmək, eləcə də balıqların elektrik naqili ilə kütləvi məhv edilməsinin qarşısının alınması, qanunsuz körpülərin salınması, eləcə də qanunsuz şəkildə saxta qara kürü satışının təşkili, göllərdə süni şəkildə dərmanlarla qidalandırılaraq böyüdülən balıqların bazarlarda satışının, restoran və kafelərdə istifadəsinin qarşısının alınması üzrə gücləndirilmiş rejimdə reydlər aparılır.

Bu reydlərə balıqların süni və antisanitar şəraitdə saxlanılması üçün yaradılan qanunsuz göllər və vətəgələr, su hövzələrinin aşkar edilməsi də daxildir.

Su Nəqliyyatında Polis İdarəsi bununla yanaşı, dəniz kənarında yerləşən restoranlardan dənizə çirkli suların axıdılması, dəniz qumunun oğurlanması hallarına da qarşı mübarizə aparır.

İdarədən verilən məlumatda o da qeyd olunur ki, qanunsuz ov alətlərindən istifadə ilə bağlı, eləcə də sadalanan digər qanun pozuntuları ilə bağlı müvafiq inzibati tədbirlər görüləcək. Qanunu pozanlara qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəza və cərimələr tətbiq ediləcək. Su Nəqliyyatında Polis İdarəsi əhalini qanunlara riayət etməyə səsləyir.

Artıq start götürən reydlər davamlı olaraq həyata keçiriləcək.

Qeyd edək ki, "Qızılağac", "Abşeron" və "Ağgöl" dövlət qoruqları, Sarısu Ovçuluq Təsərrüfatı, eləcə də Şərbətgöl, Mahmutçala, Qırmızıçala, Yaşma, Giləzi, Varvara Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisində yerləşən dövlət qoruqları və ovçuluq təsərrüfatlarıdır. Sadalanan ərazilərdə il ərzində vaxtaşırı proflaktik tədbirlər keçirilir və ovçularla ov qaydalarına riayət olunması barədə söhbətlər aparılır.


Müəllif: Teleqraf.com