Yeni Aqropark çeşidli məhsullar vəd edir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində “Xızı” Aqroparkı təsis edilib.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, bu barədə qərar sentyabrın 17-də Rəyasət Heyətinin iclasında qəbul olunub. Müəssisə “Əngilan” Kənd Təsərrüfatı-İstehsalat Kompleksinin fəaliyyətinin yenidən bərpası məqsədi ilə təşkil edilir.
Xızı rayonunun Əngilan kəndində yerləşən aqroparkın fəaliyyəti elmi tədqiqatların potensialından faydalanaraq respublikada kənd təsərrüfatı məhsulları istehsal etmək və onların çeşidini artırmaqdan ibarət olacaq. Burada yeni iş yerləri açılacaq, AMEA-nın işçiləri və əhalinin ərzaq məhsullarına təlabatı qarşılanacaq. Aqropark akademiyanın aidiyyəti elmi müəssisə və təşkilatları ilə əlaqəli fəaliyyət göstərəcək və onların elmi tədqiqat işləri aparmasına şərait yaradacaqdır.
İclasda “Xızı” Aqroparkının fəaliyyəti ilə bağlı digər zəruri tədbirlərin də icrası haqqında fikirlər səsləndirilib. Müəssisənin nizamnaməsi qərarla təsdiq edilib.
SEVİL