1 Noyabr 2019 13:05
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Samir Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com Samir Rafiq oğlu Nuriyevin tərcümeyi-halını təqdim edir.

Samir Nuriyev 9 mart 1975-ci ildə Bakı şəhərində anadan olub.

1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

Əmək fəaliyyətinə gəldikdə isə S.Nuriyev 1996-2003-cü illərdə müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb.

2006-cı ildə İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.

Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilib.

Prezidentin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə, 14 fevral 2018-ci il-ci il tarixli sərəncamı ilə isə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Dövlət başçısının 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

2015-ci ildən Azərbaycan Respublikası Memarlar İttifaqının fəxri üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.


Müəllif: Səxavət

Oxşar xəbərlər