Maliyyə Bazarlarına Nəzarət Palatası “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a dəyişiklik edib.
Teleqraf.com bu barədə Palataya istinadən xəbər verir.
Məlumatda deyilir ki, Prezident İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması, “iqtisadiyyatın real sektoruna yönələn kreditləşmənin artırılması” çağırışı ilə əlaqədar növbəti addım kimi Palata tərəfindən edilmiş dəyişiklik nəticəsində müddəti 7 ildən artıq olan istehlak kreditlərinin maksimum həcmi bankın I dərəcəli kapitalının 0,1%-i ilə məhdudlaşdırılıb.
Banklarda kredit riskinin maksimum həcmini tənzimləyən bu dəyişiklik istehlakçıların zəruri olmayan uzunmüddətli istehlak kreditləri götürməməsinə təsir etməklə məsuliyyətli borclanma vərdişlərinin formalaşdırılmasını təmin edəcəkdir. Qeyd olunan dəyişikliyin əsas məqsədi istehlakçıların izafi borclanmasının qarşısının alınması və onların hüquqlarının qorunmasıdır.
Xatırladaq ki, bundan əvvəl oktyabrın 18-də “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edilib ki, bu dəyişikliklərlə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılıb, istehlak kreditləri üzrə isə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq differensial və daha sərt yanaşma tətbiq edilərək risk dərəcələri artırılıb.