Bakıda avtomobil qəzası nəticəsində xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi üçün Türkiyədən dəvət olunan həkim onun vəziyyəti ilə bağlı açıqlama verib.
İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatioloq Kadir Doğruer bildirib ki, Oqtay bəyin durumu hazırda kritikdir: "Beyində ciddi zədəsi var. Beyin xaricində başqa bir problem görünmür. Göründüyü kimi, xəstə üçün vacib olan bütün müalicələr aparılıb. Bundan sonra reanimasiya şəraitində müalicəsi davam etdirilməlidir. Çalışacağıq ki, Oqtay bəyin sağalması üçün əlimizdən gələni edək. Hələ də həyatı təhlükəsi var. Beyin travmalarında ciddi problemlər ortaya çıxa bilər. Bunu əvvəlcədən bilmək mümkün deyil. Azərbaycanda lazım olan bütün tibbi yardımlar göstərilib, vaxtında cərrahi əməliyyat olunub.
Burada Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla birgə Oqtay bəyə baş çəkdik, baş həkimlə görüşdük, bütün prosedurları birlikdə müəyyənləşdirdik. Mənim bura gəlməyim tamamilə Oqtay Gülalıyevin ailəsinin istəyi olub. Əlimdən gələn dəstəyi verməyə çalışıram. Mən azərbaycanlı həkimlərin gördüyü işləri davam etdirəcəm".
Həkim vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında reanimasiya prosedurlarında fərq var: "Bu prosedurların Oqtay bəyə faydası olacağını düşünürəm. Buna görə də Oqtay bəyi İstanbula aparırıq. Burada hər şey yolundadır, sadəcə xəstənin yaxınlarının tələbi ilə biz onu İstanbula aparırmaq qərarı verdik.
Mən burada Azərbaycan dövlətinin vəzifəli şəxsləri və Heydər Əliyev Fondunun rəhbərliyi ilə görüşdüm. Oqtay bəyə verilən dəstəkdən çox təsirləndim. Ümid edirəm ki, bu dəstəyin nəticəsi olacaq. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edirəm"./trend/