18 Sentyabr 2014 12:54
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov Bakı-2015 Avropa oyunlarının tibb direktoru xanım Pem Vedinglə görüşüb.

Görüş zamanı rektor Azərbaycanın növbəti dəfə beynəlxalq miqyaslı tədbiri yüksək səviyyədə təşkil edəcəyindən əminliyini bildirib. Əhliman Əmiraslanov Tibb Universitetinin fəaliyyəti, fakültələri, son illər istifadəyə verilmiş klinikaları barədə söz açıb. ATU-nun Azərbaycanda yeganə tibb təhsil müəssisəsi olduğunu bildirən rektor hər il universitetə 1000-ə yaxın tələbənin qəbul olduğunu qonaqların diqqətinə çatdırıb. O, hazırda universitetin 7000-dən çox tələbəsi arasında 18 ölkənin vətəndaşı olduğunu, 160-dan çox professorun çalışdığını və müəllim heyətinin 600-nəfərə çatdığnı deyib.

Xanım Pem Veding gələn il Bakıda keçiriləcək beynəlxalq tədbirdə tibb sahəsində güclü mütəxəssislərə ehtiyac olduğunu qeyd edərək bu məsələdə Tibb Universiteti ilə əməkdaşlıq etmək arzusunda olduqlarını söyləyib.

Görüş zamanı Avropa oyunlarında idmançılara və digər personala tibb xidməti göstərəcək mütəxəssislərin hazırlıq keçməsi üçün ATU-nun klinikalarında mövcud treninq mərkəzlərindən istifadə olunması təklifi səslənib. Əldə olunan ilkin razılaşmaya əsasən, Avropa Oyunlarında xidmət göstərəcək həkimlər üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasındakı treninq mərkəzində təlimlər təşkil olunacaq. Yarışmalar zamanı həmçinin Tibb Universitetinin təmsilçilərinin həkim briqadası da xidmət göstərəcək.

Daha sonra qonaq ATU-nun klinikalarını ziyarət edib, buradakı təlim mərkəzləri ilə yaxından tanış olub. O, klinikalardakı şəraiti, müasir texniki avadanlığın mövcudluğunu yüksək qiymətləndirib.

Qeyd edək ki, görüşdə Bakı-2015 Avropa oyunlarının direktor müavini Rəşid Vəzirov, ATU-nun Elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev, Tədris Cərrahiyyə Klinikasının müdiri, dosent Hacıqulu Bağırov, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri dosent Rəhimə Qabulova, rezidentura şöbəsinin dekan müavini, həmçinin Bakı-2015 Avropa oyunlarının ictimai səhiyyə üzrə meneceri İsmayıl Əfəndiyev iştirak ediblər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər