Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında cəmiyyətdə daha çox hüquq müdafiəçisi kimi tanınan Oktay Gülalıyevin avtomobillə vurulması faktına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Oktay Gülalıyevə Allahdan şəfa diləyən BAXCP sədri deyib: “Öncə Oktay Gülalıyevin həyatını xilas etmək üçün onu müalicəsini Türkiyədə davam etdirməyə göndərən Heydər Əliyev Fonduna hər bir vətəndaşımız kimi mən də təşəkkürümü bildirirəm. Oktay bəyin vurulmasını onun bəzi yaxın tərəfdarları adi avtomobil qəzası kimi qəbul etmir. Hətta sosial mediada onun avtomobillə vurulacağına dair hədələr alması barədə Cəmil Həsənlinin timsalında şahid ifadəsi ilə tanış oldum. Hadisə razılaşdırılmamış aksiyaların təşkil edildiyi dövrə təsadüf etdiyindən xarici və yerli mafioz qüvvələrin ictimai asayişi pozmaq üçün əhali arasında ciddi narazılıq və hiddət doğuracaq hadisələri təşkil edə bilməsi fərziyyəsi, eyni zamanda ictimai-siyasi xadim kimi Oktay Gülalıyevdən fəaliyyətinə görə hansısa dairələr tərəfindən qisas alınması fərziyyəsi, o cümlədən digər fərziyyələr istintaq tərəfindən hərtərəfli araşdırılmalıdır. Məfz bu səbəbdən “ictimai sabitliyi pozmağa görə insanların həlak olmasına və sağlamlıqlarına zərər vurulmasına səbəb olan hərəkətlərin törədilməsinə görə məsuliyyət nəzərdə tutan” Cinayət Məcəlləsinin 214-cü (Terrorçuluq) maddəsinin, həmçinin “ictimai xadimin fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə həyatına sui-qəsd edilməsinə görə məsuliyyət nəzərdə tutan” 277-ci (Terror aktı) maddəsinin istintaq aidiyyatı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Təhlükəsizlik Xidmətinə aid edildiyindən Baş Prokurorun qərarı ilə cinayət işinin istintaqı DTX-yə tapşırılmalıdır. Ümid edirəm, DTX obyektiv araşdırması ilə hadisə ilə bağlı ədalətli qərar qəbul olunmasını təmin edəcək, ölkəmizin imicinin korlanmasına imkan verməyəcək və bütün naratlıqlara son qoyacaqdır”.