15 Noyabr 2019 14:15
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 15-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Kürdəmir rayonunda vətəndaşlarla görüşüb.

Teleqraf.com xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev həmin gün Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi) Ağdam rayonundan, nazir müavini Rafiq Bayramov Ağcabədi Rayon Bayraq Muzeyində Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul ediblər.

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.

Nazir Əbülfəs Qarayevin Kürdəmir Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda sakinlər tərəfindən Aşıq Yaradıcılığı Mərkəzinin yaradılması, rayonun Sığırlı kəndindəki Qaratəpə yaşayış yeri və qəbiristanlıq ərazisində arxeoloji qazıntı aparılması, elmi araşdırma işlərinin həyata keçirilməsi, kəndlərdə mədəniyyət mərkəzləri və kitabxana-informasiya mərkəzlərinin yaradılması, Heydər Əliyev Mərkəzində təmir işlərinin görülməsi ilə bağlı müraciətlər səslənib.

Qəbulda həmçinin böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı hazırlanmış “Mən bu cahana sığmazam” tamaşasının Bakıda nümayiş olunması, muzeylər arasında təcrübə mübadiləsinin aparılması, kitabxanalara yeni nəşrlərin verilməsi, rayonda kino mərkəzinin yaradılması, işlə təmin olunma barədə müraciətlər olub.

***

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Ağdamın Quzanlı qəsəbəsində keçirdiyi qəbulda vətəndaşlar tərəfindən Ağdam rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) binasının təmiri və istilik sisteminin qurulması, yeni texnologiyaların kitabxana işində geniş tətbiq olunması məqsədilə kitabxanaların internetlə təmin olunması, Musiqi məktəbinin yeni tədris proqramları, elektron dərsliklər və musiqi alətləri ilə təmin olunması, klub müəssisələrində fəaliyyət göstərən rəqs dərnəkləri rəhbərlərinin bilik və bacarıqlarının artırılması üçün ixtisasartırma kurslarının təşkili barədə müraciətlər səsləndirilib. Sakinlər eyni zamanda Rahib Məmmədov adına Ağdam Rayon Döyüş Şöhrəti Muzeyinin ekspozisiyasının tərtibatına da köməklik göstərilməsi ilə bağlı müraciət ediblər.

***

Nazir müavini Rafiq Bayramovun vətəndaşlarla görüşündə Ağcabədi və Laçın sakinləri tərəfindən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinə fiziki qüsurlu uşaqlar üçün xüsusi proqramla təmin olunmuş kompüterlərin verilməsi, MKS-nin multimedia nəşrləri və yeni kitablarla təmin olunması, Uşaq incəsənət məktəbi üçün xoreoqrafiya və rəssamlıq ixtisasları üzrə yeni proqram və dərsliklərin hazırlanmasına köməklik göstərilməsi xahiş edilib.

Görüşdə həmçinin Vətən uğrunda şəhid olmuş mədəniyyət işçilərinin həyat və döyüş yolu haqqında xatirələr toplusunun nəşr olunması, “İşıqlı aşıq” folklor qrupunun milli geyimlərlə təmin edilməsi, eləcə də fəxri adın verilməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin də iştirak etdiyi görüşlərdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

“Muzeylər arasında təcrübə mübadiləsi aparılacaq, təkmilləşdirmə kursları təşkil ediləcək”

Qəbuldan sonra mətbuata açıqlama verən nazir Əbülfəs Qarayev vətəndaşlarla yerlərdə keçirilən görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib: “Bu gün təşkil edilən görüşdə də mədəniyyət sahəsinin inkişafına xidmət edəcək maraqlı müraciətlər oldu. Qaldırılan məsələlər sırasında mədəniyyət sahəsində işin təkmilləşdirilməsi ilə bağlı müraciətləri xüsusi qeyd etmək istəyirəm. Muzeylər arasında təcrübə mübadiləsinin aparılması ilə bağlı təklifə dair artıq müvafiq tapşırıq verildi. Bununla əlaqədar bölgələrdə tədbirlər keçiriləcək, təkmilləşdirmə kursları təşkil olunacaq. Maddi-texniki bazanın gücləndirilməsi, tarixi abidələrin bərpası ilə bağlı müraciətlər də diqqətdə saxlanılacaq”.

Nazir vurğulayıb ki, son dövrlər vətəndaşların mədəniyyət sahəsində xidmətlərin daha da yüksəldilməsi ilə bağlı diqqətəlayiq fikirlər səsləndirməsi bu sahəyə olan həssas münasibətin göstəricisidir. Bu da məmnunluq doğuran haldır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər