Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ştorka və jalüzlü (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib.
Teleqraf.com-un xəbərinə görə, bununla bağlı R.Zeynalovun imzalanmış telefonoqramı sosial şəbəkələrdə yayılıb.
Telefonoqramda qeyd edilib ki, respublikanın iqlim şəraiti nəzəra alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan avtomobillərdə jalüzlərindən istifadəyə icazə verilib.
Tapşırığa əsasən nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər barəsində inzibati tənbeh tədbiri görülməyəcək.
Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "AZS 122-2004" "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına edilən müvafiq dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70 faizdən az olmaması müəyyənləşdirilib. Həmçinin daha əvvəl Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.