Son illər ərzində Azərbaycanda xərçəng xəstələrinin sayı artıb. Bununla yanaşı, xərçəng xəstəliyindən ölənlərin də sayı çoxalıb.
Bunu Bakıda keçirilən III Beynəlxalq Uroonkologiya Simpoziumunda Milli Onkologiya Mərkəzinin direktorunun birinci müavini Fuad Quliyev deyib.
Onun sözlərinə görə, ölüm hallarının artmasının əsas səbəbi xəstələrin həkimə çox gec müraciət etməsidir. Xəstələr həkimə xərçəng xəstəliyinin 3-4-cü mərhələsində müraciət edirlər ki, belə xəstələr də ümumi xəstələrin sayının 50 faizini təşkil edir.
F.Quliyev digər ölkələrdə bu göstəricinin daha aşağı olduğunu nəzərə çatdırıb: "Qazaxıstanda, Ukraynada bu göstərici 25, Belarusda 15 faizə qədərdir".
Xəstələrin gec müraciət etməsinin əsas səbəbini maarifləndirmənin kifayət qədər aparılmaması ilə izah edən F.Quliyev bildirib ki, Azərbaycanda 2018-ci ildə 11606 nəfərə ilk dəfə onkoloji xəstəlik diaqnozu qoyulub. Onların 5733 nəfəri kişidir.
F.Quliyev əlavə edib ki, daha çox rast gəlinən onkoloji xəstəlik ağciyər xərçəngidir. Bu siyahıda ikinci yerdə mədə xərçəngi dayanır: "Prostat vəzi xərçəngi isə bu sıralamada 5-ci yerdədir. Avropada prostat xərçəngi ilk sırada yer alır. 2019-cu il məlumatlarına əsasən, Rusiyada hər 100 000 nəfər əhaliyə 40 nəfər, Ukraynada 26-27 nəfər, Belarusda 70 nəfər onkoloji xəstə düşür. Azərbaycanda isə bu say 7 nəfərdir. 15 il əvvələ nisbətən indi vəziyyət daha yaxşıdır"./trend/