31 Mart 2020 11:39
11 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu kitab 1928-ci ildə ABŞ-ın İndianapolis şəhərində “The Bobbs-Merrill Company” nəşriyyatı tərəfindən “İnsanlar belədir” (“Men Are Like That”) adıyla çap olunub. Kitabın yazarı amerikalı Leonard Ramsden Hartildir.

Teleqraf.com xəbər verir ki, kitab 1918-1922-ci illər arasında ermənilərin Azərbaycanda törətdiyi soyqırım və qətliamlardan bəhs edir.

Kitabın ikinci adı “Bir erməninin xatirələrində Azərbaycan hadisələri” adlanır.

Müəllif kitabın ön sözündə yazır:

“1922-ci ilin fevral ayından 1924-cü ilin martınadək Qafqazda kənd təsərrüfatının inkişafı ilə əlaqədar layihələrdə işlədim. Həmin illərdə bu kitabda bəhs etdiyim Avanes Apresyanla tanış oldum. Onu mənə ali təhsilli insan kimi təqdim etdilər və aylıq 6 dollara işə götürdüm. Rus, türk (Azərbaycan) və erməni dillərini bilirdi. Azərbaycan və Sovet Ermənistanı ərazilərdində rahat gəzə bilirdik.

Bir dəfə məscidi dağıdılmış və xarabalığa çevrilmiş türk (azərbaycanlı) kəndində gecələmək məcburiyyətində qaldıq. Avanesdən bu kənd və baş verən olay haqda bilib-bilmədiyini soruşdum. Soyuqqanlı şəkildə “Bilirəm, bu kəndin dağıdılmasına mən də kömək etmişəm. Bu xarabalıqlar arasındakı insan sümüklərinin sahiblərinin öldürülməsini öz gözlərimlə gördüm. Bu kənddə bir türk vardı, yaşlı bir insan idi. Heç vaxt belə bir qorxmaz və qəhrəman insan görməmişdim. Hətta rus ordusunda belə…”– cavabını verdi.

Avanesi öz həyat hekayəsi və burada baş verənlər haqda mənə danışmağa razı sala bldim. Avanesin həyatını oxuduqdan sonra inanılmaz olayların baş verdiyinin şahidi olacaqsınız”.

Bir erməninin xatirələrində Azərbaycan hadisələri - 1918-1922-ci illər:

“Mən Avanes Apresyan 1892-ci ildə Azərbaycanın Şuşa şəhərinin Xankəndi kəndində doğulmuşam, anamı xatırlamıram, atam mülk və ferma sahibi zəngin bir insan olub. Burada əsasən türklər və ermənilər yaşayırdı. Əslində tarixi Azərbaycan ərazisi olan bu torpaqlarda ermənilər əcnəbi kimi bir şeydi. Sayca azərbaycanlılardan az olan ermənilər xristian azlıq idi. İrq, din və ənənələr arasındakı fərqliliklər heç vaxt bərabər olmadı.

Birinci Dünya Müharibəsindən əvvəl bu bölgədə yaşayan ermənilər mülk sahibləriydi və ticarətlə məşğuldular. Bu səbəbdən də rus hökuməti və dövlət adamlarına yaltaqlanırdılar. Azərbaycanlılar (türklər) isə yoxsuldu, kənd təssərrüfatıyla məşğuldu idi”.

Aspersyan qeyd edir ki, həmin dövrdə Çar Rusiyasında təhlükəsizlik türklərin tarixi düşmənləri olan rus kazakları tərəfindən təmin olunurdu:

“Bəzi vaxt kazaklar bu bölgədən geri çəkiləndə qarışıqlıq yaratmaq üçün ermənilərlə türkləri üz-üzə qoyurdu. 1905-ci ildə uğursuz qiyam cəhdindən sonra faciəvi olaylar baş verdi. 1918-1922-ci illərdə baş verən qorxunc hadisələr, vəhşət və barbarlıq insanların heyvandan da vəhşi olduğunu göstərdi.

Atamın evində keçirilən iclaslarda Ermənistanın müstəqilliyini təmin etmək üçün gizli erməni dərnəklərindən bəhs olunurdu. Bu dərnəyin üzvləri “daşnak” adlandırılırdı. Dostlarıma bu qiyamçı agentlərin qəhrəmanlıqlarından danışırdım.

Ruslar öz əleyhinə erməni qiyamı baş verəcəyindən qorxan kimi xristianlarla müsəlman azərbaycanlılar arasında münaqişəni qızışdırırdı. Həmin illərdə Ermənistanın müstəqilliyindən yox, daha çox ermənilər və türklər arasında artan düşmənlikdən danışılırdı”.

Qarabağlı erməni Şuşada baş verənlərdən danışır:

“Bölgənin ən böyük şəhəri olan Şuşada məktəbə gedirdim. Məktəb evimizdən yeddi kilometr məsafədə yerləşirdi. Qarışıqlıq dövründə evdə qaldım, məktəbə gedə bilmədim. Fermamızda işləyən azərbaycanlı işçilər də qaçmışdı. Vəziyyət qaydasına düşəndə yenidən Şuşaya gedə bildim. Şəhərin azərbaycanlılar yaşayan tərəfində xarablıqdan başqa heç nə qalmamışdı. Bütün evlər dağıdılmış və insanların başları kəsilmişdi. Eyni hal azərbaycanlıların sıx yaşadığı Xankəndində də baş vermişdi.

Həmin vaxt türklərin bir erməni qadınını qaçırıb uşağını öldürməsi haqda şayiə yayılmışdı. Lakin bunun nə qədər real və yalan olduğu bilinmədi. Ermənilər dəliyə döndülər və türklərin evlərinə hücuma keçməyi planlaşdırdı, amma rus kazaklar buna gündüz vaxtı icazə vermədi, “gecə isə qarışmayacağıq” dedilər.

Bunu eşidən bizimkilər silahlanıb türk məhəllələrinə doğru getdi və axırıncı türk öldürülənə qədər bir qətliam başladı. Bütün gecəni qorxudan yata bilmədim, ermənilərin qışqırıqları, çarəsiz qurbanların fəryadlarından qulaqlarımı tutdum. Səhərədək məhəllədə yaşayan türklərin hamısı öldürülmüşdü. Uşaqlığımdan bəri mənə türklərin günahkar olduğunu öyrətmişdilər”.

Aspersyan o dövrdə rusların azərbaycanlıları silahsız qoyduğunu etiraf edir:

“1905-ci ildə erməni-türk savaşında biz daha yaxşı döyüşdük. Bizimkilərin əksəriyyəti rus ordusuna təlim görmüş, xidmət keçmişdi. Üstəgəl zəngin idik və yaxşı silahlanmışdıq. Türklər Rusiyada orduya götürülmürdü və təlim görməmişdilər. Bıçaqlardan başqa silahları yoxdu. Döyüşlər nizamlı getmirdi, türklərin kəndlərinə hücum edib insanları öldürərək evləri talan edib geri çəkilirdik, türklər isə sadəcə özlərini müdafiə edirdi.

Şuşada baş verənlər Azərbaycanın digər bölgələrində də təkrarlandı. Bakıda da buna oxşar olaylar baş verdi. Kəndimizdəki türklərin hamısı öldürüləndən sonra kazaklar bu olaylara son qoydu”.

Kənd təsərrüfatı üzrə təhsil almaq üçün Tiflis və Odessaya gedən Avanes Apresyan təhsilini bitirməmiş orduya çağırılıb. Bolşevik inqilabı başladıqdan sonra ordudan qaçan Apresyan daha sonra Ermənistanın müstəqilliyi üçün azərbaycanlılara qarşı başlamış döyüşə girən erməni hərbi birliklərinə qoşulur və burada kapitan rütbəsi alır.

Aspersyan ermənilərin soysuz millət olduğunu deyir:

“Bolşeviklər inqilabı qələbə ilə başa çatdırdıqdan sonra erməni liderlərlərimiz müstəqil Ermənistan qurmaq istəyini ruslara çatdırdı. Həmin vaxt bu məqsədlə qurulan və mənim də sırasında olduğum 223-cü alayın hamısı erməni idi.

1892-ci ildə Moskvada təhsil almış Simon Zaxariyan və Kristofer Mikaelyan adlı iki erməni tərəfindən qurulan Daşnaksütyun Partiyasının ilk məqsədi türklərin hakimiyyəti altında olan erməniləri rifaha qovuşdurmaq idi. Lakin əvvəlcə dərnək formasında qurulan partiyanın əsas məqsədi müstəqil Ermənistan qurmaq, erməniləri türklər və rusların boyunduruğundan qurtarmaq idi. Lakin ermənilər ruslar üçün məqsədinə çatmaq üçün ayaq basıb qalxmaq istədiyi bir pillə idi.

Halbuki ermənilərin tarixinin qədim olduğu, Nuha qədər getdiyi deyilir, amma hansı soydan gəldiyimiz məlum deyil.

Başqa sözlə, daşnaklar 1918-ci ildə rusların köməyi ilə Ermənistanın müstəqilliyini elan edib. Hər nə qədər bizdən öz məqsədləri üçün istifadə etsə də, biz bunu Rusiyasız bacara bilməzdik. Lakin həmin dövrdə müstəqil olduğumuzu elan etsək də, Moskva bizimlə belə davranmırdı, bütün qərarlar yenə də oradan verilirdi, biz isə icra edirdik”.

O, ermənilərin azərbaycanlılara qarşı soyqırıma başlamasından danışır:

“Müstəqil Ermənistan əhalisinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət idi. Hər kənd və şəhərdə vəziyyət bu cürdü. Hər qəsəbədə və kənddə mütləq türk məhəllələri vardı. Aleksandropolda da vəziyyət beləydi.

Ermənistan qurulduqdan sonra Daşnak Partiyası türkləri əzməyə və təhqir etməyə başladı. Bundan sonra Aleksandropoldakı (Gümrü) türklər erməni hökumətinə müraciət edərək, Türkiyəyə köçmək icazəsi istədi. Bu icazə verildi, türklər əşyalarını arabalara yığıb evlərini tərk etdi. Azərbaycanlıların kütləvi halda köç etməsi, müsəlman türklərə qarşı kin duyan daşnaklar üçün ələdüşməz fürsət idi.

Daşnaklar türklərin keçəcəyi yolların kənarlarına öz silahlılarını yerləşdirdi. Türklər at arabaları ilə irəliləyir, uşaqlar dəyənəklərlə öküzləri dümsükləyir, qadınlar ənənəvi olaraq türk niqabı ilə üzlərini örtüb və qucaqlarında körpələrini aparır, soyuq və küləkdən qorunmaq üçün adyallara bürünüb.

Vadidəki yolun bir hissəsi bağlanmışdı və qabaqdakı araba bu maneəyə rast gələndə dayandı. Qayalar arxasında gizlənmiş daşnaklar türkləri gülləbaran etməyə başladı. Qadın və uşaqlar arabalardan tullanıb qışqıra-qışqıra qaçmağa başladı, qaçır və ümidsiz bir şəkildə sığınacaq axtarırdılar.

Qətliam tamamlanmamışdı. Həmin gün Aleksandropolun tərk edilmiş türk bölgəsi də talan və yox ediləcəkdi”.

Avanes Asperyanın sözlərinə görə, ermənilərdə azərbaycanlılara qarşı nifrət genetik olaraq ötürülür:

“Hamısından da pisi budur ki, biz ermənilərə uşaqlıqdan türklərə nifrət öyrədilir və onlardan qorxmağımızın vacib olduğu deyilir. İllərdir erməni analar uşaqlarını türklərə nifrət aşılayan laylalarla yatırdır. Tarixin uzaq dövrlərindən bəri ilk dəfə idi ki, ermənilər türklərə qarşı savaşa başlamışdı. Bu ölkədə münaqişənin, fanatik və intiqamçı bir cinayətin işlənmədiyi bir kənd, bir qəsəbə, kiçik bir yer tapa bilməzsən.

Bu nifrət və intiqam ənənəsini mahnılarımız və laylalarımız diri saxlayırıq. Bizə nəsillərimizdən miras qalmış bu ənənələr türklərlə savaşarkən belə nə qədər qorxaq olduğumuzu və qələbə qazanarkən belə intiqam duyğusuna qapılaraq nə qədər amansız və vicdansız olduğumuzu göstərir”.

Qarabağ ermənisi bildirir ki, ermənilərin cinayətləri hər yerə yayılmağa başladıqdan sonra Türkiyə (Osmanlı) ordusu azərbaycanlılara köməyə gəlib:

“Çar Rusiyasının parçalanmış ordusu bölgədən çıxdıqdan sonra da erməni birlikləri burada qaldı. Vaxtilə çar ordusuna güvənən həmin erməni birlikləri indi türk ordusunun qabağından qaçırdı. Erməni xalqı da onlara qoşulmuşdu. Qaçarkən öz evlərini yandırır, hər yeri xarabalığa çevirirdilər. Qaçmaq istəməyənlər isə azərbaycanlıların mərhəmətinə sığınıb orada qaldı. Türk ordusu Azərbaycana gələndə ermənilərin hamısı qaçıb getmişdi və kəndlər tamamilə boşalmışdı, qaçan ermənilərin arxasında qida mənbələri tamamilə yox edilmiş boş bir bölgə qalmışdı. Halbuki dəyərli olan hər şey torpağın altında, mal-qara mağaralarda gizlədilmişdi.

Ermənistanda qalan birliklərimiz Aleksandropola 60 kilometr məsafədə yerləşən dəmir yolu xətti üzərindəki Qara Kilsə şəhərində toplaşmışdı. Türk ordusunun yaxınlaşmasından sonra əsas qüvvələrə qatıldıq. Həmin vaxt əlimizdə çar ordusunun götürdüyü 3000 türk əsir vardı. Rus ordusu geri çəkildikdən sonra onları bizə vermişdilər.

Qara Kilsəyə çəkiləndə bu zavallıların 2000 nəfəri qəddarlıqla öldürüldü. Bu vəhşilik məni xəstə salmışdı, amma etiraz edə bilmirdim, qorxurdum, məni də öldürə bilərdilər. Bəzilərinə nisbətən işgəncə verilməsə də, əksəriyyəti yandırılaraq öldürüldü. Azərbaycanlı əsirləri taxta klublara dolduraraq od vurub yandırırdılar. 1000 nəfəri isə saxladıq. Bunun səbəbi də Avropanın ruslardan böyük sayda əsir təhvil almağımızın bilinməsi idi və bunun hesabatını bizdən istəyə bilərdilər. Həmin əsirlər isə Azərbaycana gələn Osmanlı ordusu tərəfindən xilas edildi”.

Aspersyan bolşevik inqilabından sonrakı dönəmdə də erməni vəhşiliyinin davam etdiyini vurğulayır:

“Azərbaycanlıların qaçmasına yer verə biləcək bütün yolları bağladıq və dərhal yox etmək işinə başladıq. Birliklərimiz bir-bir bütün türk kəndlərini mühasirəyə aldı və top atəşləri ilə evlərin hamısı dağıdıldı. Kəndlilər çöllük ərazilərə qaçmağa başladı, lakin onları tutub güllələyir və süngülərlə öldürürdük. Əlbəttə, qaçıb canlarını qurtaranlar da vardı, onlar ya dağlarda özlərinə sığınacaq tapmışdı, ya da Türkiyəyə qaçmışdı. Arxada qalanların hamısı isə öldürüldü.

Naxçıvandan Gürcüstana qədər olan bütün sərhəd bölgələri, o cümlədən Ağrı dağının ətəyindəki bütün türk kəndləri yerlə-yeksan olundu. İndi bu yerlərdə gördüyün ölü insanların sümükləri üçün ulayan qurd və çaqqalların səslərindən başqa bir səs eşidə bilməzsən. Bu, kin və nifrətin nə qədər böyük olduğunu göstərən bir nümunədir.

Ermənilərin türk kəndlərinə hücumunda bir olay diqqətimi çəkdi. İrigövdəli bir azərbaycanlı vardı, çox yaxşı döyüşürdü, əsl qəhrəman kimi. Onun evdən bir tüfəng götürüb bir qrup silahlı erməni əsgərinə hücum etdiyini gördüm. Tüfəngin qundağı ilə sağ-sola hücum edir, atəş açılmasına baxmayaraq “Allah, Allah” deyib özünü müdafiə edirdi.

Erməni əsgərindən biri süngünü onun sinəsinə sapladı, süngünün tiyəsi kürəyindən çıxdı. Türk isə süngünün taxıldığı silahı qundağından tuta bildi. Birdən o, silahı buraxıb erməninin qırtlağından yapışdı. Həmin vaxt digər erməni əsgərləri dairəvi şəkildə dayanıb qışqıra-qışqıra tamaşa edirdilər. Hər ikisi yerə yıxılanda bir erməni əsgəri böyük bir daşı götürüb türkün başına vurdu. Türk yerdə səssiz və hərəkətsiz qaldı. Türkü süngüləyən erməni ayağa qalxdıqdan sonra süngünü çəkib onun sinəsindən çıxardı və qanını yaladı”.

Aspersyan azərbaycanlı uşaqların başına gələnlər haqda:

“Bir gecə azərbaycanlıların yaşadığı kəndin yanından keçirdim. Evlərdən birinin qabağında ocaq yandığını görüb yaxınlaşdım, ocağın ətrafında erməni əsgərləri oturmuşdu. Aralarında iki azyaşlı qız uşağı vardı, yerə çömbəlib hıçqıraraq ağlayırdı. Qırılmış ev əşyaları, insan cəsədləri ora-bura dağılmışdı. Təəssüf ki, gec qalmışdım, onları zorlamışdılar.

Azərbaycan dilində onları xilas edəcəyimi, məndən qorxmamalarını dedim. Qızları götürüb oradan uzaqlaşdım. Bir-iki kilometr sonra yenə dağıdılmış türk kəndinə rast gəldim. Yanımdakı yeməyi qızlara verdim və sığınacaq tapdıqdan sonra yatdıq. Gecə yarı ağlayan bir uşağın səsinə oyandım. Ay işığı burada baş verən faciəni görməyimə kömək oldu. Səsə doğru irəliləyərək türk evi olduğu bəlli olan dağılmış bir evə gəlib çıxdım. Otaqlardan birinin döşəməsində bir ölü qadın uzanmışdı, boğazı kəsilmişdi.

Qadının sinəsində bir yaşlarında körpə qız vardı, ölü qadının döşündən süd əmməyə çalışırdı. Uşağı qucağıma aldım və cibimdəki çörəyi isladaraq qarnını doydurdum və baxmaları üçün qızlara verdim. Səhəri gün əlimə düşən fürsətdən istifadə edib uşaqları Qarsdakı bir Amerika yetimxanasına yolladım”.

Aspersyanın sözlərinə görə, o günlərdə ermənilər ingilislərin köməyi ilə Bakını – böyük neft şəhərini ələ keçirib və şəhərin türk əhalisinin 25 min nəfərini qətlə yetirib:

“Biz ermənilər öz içimizdə başlayan savaşda da bir-birimizə qarşı mərhəmətli olmadıq. Biz mərhəmətli insanlar deyilik, çünki hər kəs kimi özümüzdən də qorxuruq.

Elə bir qətliam səhnələrinə şahid oldum ki, buralarda öldürülmüş, yerdə yatan insanların sayı payızda meşədə yerə düşən yarpaqların sayı qədərdir. Onlar çarəsiz və müdafiəsiz olan zavallı insanlardır. Bunlar savaşda ölən əsgərlər kimi silahları əllərində savaşaraq ölməmişdi. Onlar zavallı və çarəsiz insanların öldüyü kimi, dəhşət və qorxu içində öldürülmüşdü”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər