19 Noyabr 2019 14:28
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisə “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” kifayət qədər sanballı sənəd daxil olub. Biz bu məsələni müakirə edərkən, ilk növbədə məsələyə konseptual şəkildə baxmalı, daha sonra maddələrlə bağlı təkliflərimizi verməliyik. Qanunun fəlsəfəsi ölkəmizdə bu istiqamətdə aparılan islahatlara uyğundur. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də islahatlar həyata keçirilir. Bu proses gələcəkdə də davamlı olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun I oxunuşda müakirəsi zamanı deyib.

O bildirib ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatlar uzun müddətdir ki, həyata keçirilir: “Yeni məhkəmə binalarını tikintisi, onların texniki təchizatı, hakimlərin sayının artırılması, vəkillərin test üsulu ilə seçilməsi və digər işlər həyata keçirilir".

Mülkiyyətin müxtəlif formaları, ailə məişət məsələləri və digər məsələlərlə əlaqədar məhkəmələrə ciddi sənədlərin daxil olduğunu vurğulayan deputat deyib ki, onların təhlil edilməsi, sonda obyektiv qərarın çıxarılması üçün hakim məsələlərlə dərindən tanış olmalıdır: “Bəzən hansısa bir strukturun qanunu pozması nəticəsində məhkəmə elə qərar çıxarmağa məcbur olur ki, nəticədən narazı qalan tərəflər olur. Misalən, əgər bir mənzillə bağlı 4 şikayətçi varsa, onun 1 nəfəri üçün məsələ müsbət həll olunur. Belə olan halda digərləri narazı qalacaq. Elə səbəblər var ki, vaxtında insanlar zamanında hüquqi addımlar atmır və nəticədə iş gəlib məhkəməyə çatır. Belə olan halda müxtəlif yollar axtarmağa başlayırlar. Əmək müqaviləsi bağlamadan işə qəbul məsələləri ilə bağlı da problemlər bəzən məhkəməyə qədər gəlib çıxır. Bu baxımdan bütün bunlarla bağlı qanunda məsələlərə kompleks yanaşmalıyıq”.

S. Novruzov deyib ki, məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm işlənib hazırlanmalıdır: “Qərar qəbul olunduqdan sonra onların icrası yerinə yetirilməlidir. Bu gün çoxlu sayda belə qərarlar var ki, onların icrası yerinə yetirilmir”.

Deputat çıxışı zamanı məhkəmələrin ixtisaslaşdırılmasını təklif edib: “Məhkəmələr həm mülki məsələlər, həm cinayət hadisələri, həm də uşaq hüququları ilə məşğul olur. Burada ixtisaslaşmanın müəyyənləşməsi vacib şərtlərdən biridir”.


Müəllif: Cavad

Oxşar xəbərlər