20 Noyabr 2019 15:16
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havanın kəskin dəyişməsi insan orqanizmindən də yan keçmir. Səhər 20 dərəcə istilik ilə günə başlayıb, ertəsi gün temperaturun 8 dərəcə aşağı enməsi birbaşa sağlamlığa təsir edir. Xüsusilə, xəstəliyi olan insanlar bu dəyişkənliyə görə daha çox əziyyət çəkirlər.

Terapevt Elçin Abbasov Teleqraf.com-a açıqlamasında deyib ki, fəsil dəyişikliyi ilə əlaqədar oynaq xəstəliklərində havanın dəyişməsi özünü daha tez biruzə verir: “Xüsusilə yaz və payız aylarında mədə-bağırsaq, xora xəstəliklərində kəskin dəyişmələr başlayır. Eyni zamanda fəsil dəyişiklərinin təsiri təzyiq xəstələrindən də yan keçmir”.

Terapevtin sözlərinə görə, temperaturun dəyişməsi ilə yuxarı tənəffüs yolları, ağciyər xəstəliklərinin kəskinləşmə mərhələsi başlayır: “Havanın soyuması infeksion xəstəliklərin artmasına səbəb olur. İnfeksiyalar artdıqca immunitet dəyişir, yoluxma meyl artırır”.

Mütəxəssislərin fikrincə, havanın qəfil dəyişməsi insanlarda bioloji və zehni dəyişikliklər yaradır. Qışda daha az aktiv olan olan insanlar enerjili və yüksək kalorili qidalar qəbul etsələr də, yazda daha canlı və az kalorili qidalara üstünlük verirlər.

Havadakı ani dəyişikliklər nəticəsində depresiya, həssaslıq, yorğunluq, oynaq və baş ağrıları, həddindən artıq yuxuya meyillilik baş verə bilər. Ümumiyyətlə, insanlar yağışlı, qapalı havalarda daha dözülməz və pessimist əhvalda olurlar. Günəşli və təmiz havanın insan psixologiyasına müsbət təsir etdiyi məlumdur.

Dünyanın ən böyük enerji mənbəyi olan günəş bioloji və zehni vəziyyətlərimizə müsbət təsir edir. Günəş işığının bədənimizdə serotonini artırdığı məlumdur. Serotonin nədir?

Psixologiyamızı tarazlıqda saxlayan, canlılıq, xoşbəxtlik hissi verən, diqqətimizi cəmləməyimizə kömək edən, yuxu dövrümüzü tənzimləməyə yardım göstərən və beyindəki hüceyrələr arasında əlaqə yaratmağa imkan verən kimyəvi maddədir. Serotonin çatışmadıqda yorğunluq yaranır, əhval-ruhiyyə düşür, narahatlıq hissi olur, yuxuya getmək çətinləşir. Buna görə serotoninin balansı psixoloji və fizioloji sağlamlıq baxımından vacibdir. Məşq etmək, gündüz vaxt keçirmək, stres və vəziyyətlərdən uzaq olmaq, B6, B9, B12 ilə zəngin qidalar yemək, spirt və kofein istehlakını azaltmaq seretoninin səviyyəsini qorumağa kömək edəcək.

Aysel Azad


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər