Ötən gün Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında üç tələbənin zəhərlənməsi ilə bağlı məlumat yayılıb.
Teleqraf.com-un müxbiri sözügedən yataqxanaya baş çəkib.
Yataqxanadan bildirilib ki, hadisə ilə bağlı əlavə məlumat verə bilməyəcəklər. Hazırda istintaq gedir. Zəhərlənən tələbələrin qaldığı otağı Bakı şəhər Prokurorluğu möhürləyib.
Yataqxana növbətçisinin sözlərinə görə, 20 noyabr gecə saatlarında tələbələrin halı pisləşib: "Gecə həkim çağırdıq, iynə vuruldu. Həkim onların xəstəxanaya aparılması üçün təkid etsə də, səhər dərsin olmasını səbəb gətirərək xəstəxanaya getməkdən imtina etdilər".
Növbətçi deyib ki, dünyasını dəyişən tələbə Şəkər Xasmətova səhər saatlarında otaqda ağzından qan gələn şəkildə tapılıb: "Həkim müdaxiləsi olmasına baxmayaraq, tələbə artıq keçinmişdi. Otaq yoldaşlarının vəziyyəti isə ağır idi".
Digər iki tələbə hazırda xəstəxanadadır. 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən verilən son məlumta görə, tələbələrin vəziyyəti yaxşıdır. Onlar Səhiyyə Nazirliyinin rəhbərliyinin nəzarətindədir, stasionar şəraitdə müalicələri davam etdirilir.
Tələbələr bir neçə gün həkim müşahidəsi altında qaldıqdan sonra evə buraxılacaqlar.
Bakı Dövlət Universitetindən verilən məlumta görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır: "Bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar. Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər.
Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq".
Qeyd edək ki, 20 noyabrda 3 tələbə zəhərlənmə şikayəti ilə təcilə yardım müracət edib. Onlardan 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı qidadan zəhərlənərək vəfat edib. Digər 21 yaşlı iki tələbə Həmidə İbrahimova Ekologiya və torpaqşünaslıq fakültəsinin, Dilrubə Quliyeva isə Kitabxanaçılıq və informasiya fakültəsinin tələbələləridir.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Təqsirkar şəxslərin müəyyənləşdirilməsi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Aysel Azad