Boşanma halları ilə bağlı statistik məlumatlarımız var. Bu məsələdə vəziyyət yaxşılaşıb. Təkcə Azərbaycanda yox, bir çox ölkələrdəki vəziyyəti izləyirik. Bizdə vəziyət o qədər də pis deyil. Ümumiyyətlə, boşanmalar Azərbaycan üçün böyük problemdir.
Teleqraf.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova keçirdiyi mətbuat konfransında deyib.
O, boşanmaların səbəbləri barədə də danışıb: “Əsas məsələ boşanmaların səbəbidir. Birinci səbəb erkən yaşda qurulan ailələrdir. Yəni, bu insan ailə mühitinə hazır deyil. İkincisi, sonsuzluqdur. Bir çox hallarda bizə övladlığa uşaq götürməklə bağlı müraciət edirlər. Həmçinin, tibbi yola övlad sahibi olmaq istıyirlər ki, bu o qədər asan deyil. Və hər dəfə müsbət nəticələnmir. Üçüncü yerdə zorakılıq halları nəticəsində olan boşanmalardır”.
H.Hüseynova qeyd edib ki, məhkəmələrdə boşanmaq istəyən cütlüklərə xüsusi vaxt ayrılmalıdır: “O ailələrlə ciddi iş aparılmalıdır. Əsas məsələ nədir, nədən başlayıb... Xüsusilə, kənar müdaxilələr çox olur. Elçilik vaxtı bütün yaxın adamlar, ağsaqqllar elçiliyə gedirlər. Bu, bir növ qanun kimi qəbul olunur. Ancaq ayrılma zamanı gələndə hamısı yoxa çıxır.
Biz ailə mühitimizi qoruyub saxlamalıyıq, ona daha da diqqətlə yanaşmalıyıq. Onu da unutmayın ki, son dövrlərdə Azərbaycanda rəsmi nikahdan keçmirlər. Vətəndaş nikahnda yaşayırlar. Bu halların da sayı o qədər çox deyil və bu, Azərbaycana uyğun olmayan bir məsələdir”.