“Məişət zorakılığı, psixoloji təsir vasitəsilə nikaha sövq etmə kimi sosial çətinliklər ailə münasibətlərində gərginlik yaradanda evdən qaçma hadisələrinin sayı artır”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquqşünas Şəmsəddin Əliyev deyib.
Onun sözlərinə görə, itkin düşənlər arasında 25 yaşa qədər olanlar üstünlük təşkil edir: “İnsan alveri, seksual xarakterli hərəkətlərlə bağlı qətllər, oğlanın qızı qaçırması kimi hallar daha çoxdur”.
Ekspert qeyd edib ki, itkin düşənlərin əksəriyyəti ilə bağlı məlumatlarda ailədən qisas almaq səbəbi bildirilir: “Qızlar heç kimə məlumat vermədən evi tərk etdikdən bir həftə sonra nikah xəbərləri gəlib çatır”.
Şəmsəddin Əliyev bildirib ki, nadir hallarda itkin düşənin qətli ilə bağlı xəbərlər daxil olur: “İşədüzəltmə şirkətləri vasitəsilə itkin düşənlərin əsasən 10-15 gün müddətində, xüsusilə, kişilərin ölkə hüdudlarından kənarda olma xəbərləri gəlir”.
Ekspertin fikrincə, orta və ali təhsil məktəblərində bu istiqamətdə marifləndimə xarakterli seminarlar keçirilməlidir: “Gənclər ailənin məsuliyyətini dərk etməli, ölkənin konstitutsiyasına uyğun davranmalıdırlar. Vətəndaşın ailədən, cəmiyyətdən qaçıb gizlənməsi nə şüura, nə də müasir həyat tərzimizə sığır”.
Qeyd edək ki, son vaxtlar itkin düşmə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətlərin sayı artıb.
Aysel Azad