22 Noyabr 2019 16:25
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb.

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, Azərbaycanın bütün regionlarını əhatə edir: "Artıq hansı ərazilərdə hansı ağacların əkiləcəyi müəyyənləşib. Ağacların böyük hissəsi magistral yolların kənarında əkiləcək. Bu da ölkəmizin gözəlləşməsinə xidmət edəcək".

Nazir müavini qeyd edib ki, xəritədə yer alan ərazilərdə nazirliyin tinglik təsərrüfatlarında yetişdirilən 50 növə yaxın ağac əkiləcək. Artıq bir gün ərzində 650 min ağacın əkilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.

F.Əliyev əlavə edib ki, həmin gün nektar verən ağacların əkilməsinə də üstünlük veriləcək: "Bir gündə 650 min ağac əkiləcək. Eyni zamanda, Bakının Suraxanı rayonunda-keçmiş Yod-brom zavodunun ətrafında çirklənmiş 100 ha sahənin nazirlik tərəfindən təmizlənərək bərpa edilməsi və orada da ağac əkilməsi nəzərdə tutulub".

F.Əliyev vurğulayıb ki, həmin gün ən çox ağac Nəsiminin anadan olduğu Şamaxı rayonunda əkiləcək.

"Ağacların əkilməsi ilə yanaşı onlara qulluq edilməsi də vacib məsələlərdəndir. İctimai nəzarət nə qədər güclü olsa bir o qədər ağacların bitiş faizi yüksək olar. Ağacəkmədə iştirak edən qurumlar tinglərə aqrotexniki qulluğu özləri həyata keçirəcəklər. Artıq Sabirabadda, Şamaxıda damcılı suvarma şəbəkəsi çəkilib. Həmin şəbəkənin çəkilməsi o ərazidə əkilən ağaclarda bitiş faizinin yüksək olması deməkdir. Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının fəalları ilə birgə ağac əkiləcək ərazilərin monitorinqinə başlanılıb və nəzarət ağaclar əkildikdən sonra da davam edəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər