Məscidlərin kimin balansında olması məsələsində sərt mərkəzləşməyə ehtiyac var. Məscidlərin idarəçiliyi müəyyən vahid qurum çərçivəsində həyata keçirilməlidir.
Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.
DQİDK sədrinin sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və onun sədri şeyxülislam Allahşükür Paşazadə bütün Qafqazın şeyxi olaraq bu sahəyə uzun müddətdir çox səmərəli şəkildə rəhbərlik edir: “Şeyxin bu sahədə böyük təcrübəsi var və beynəlxalq dini dairələrdə, dini mərkəzlərdə ona böyük hörmət edilir. Ümummilli liderimiz Heydər Əliyev zamanında onun fəaliyyətini yüksək qiymətləndirib. Prezident İlham Əliyev də ona böyük ehtiram bəsləyir. Ölkəmizdə qeyri-ənənəvi islami qrupların, cərəyanların yayılmasına qarşı dayanan qurumlardan biri də məhz QMİ-dir. Bu idarə öz fəaliyyətində bu istiqamətdə müəyyən addımlar ataraq ölkədə radikalizmin yayılmasının və qeyri-ənənəvi din və cərəyanların missionerliyinin qarşısını alıb. Lakin QMİ-dəki din xadimləri, yerlərdəki axundlar, imamlar, qazilər bunu yalnız dini maarifləndirmə yolu ilə həyata keçirə bilirlər. Onların qeyri-ənənəvi cərəyanları qadağan etməyə və ya fəaliyyətlərini məhdudlaşdırmağa hansısa əlavə səlahiyyətləri yoxdur. Onlar məscidlərdə xütbələr, müəyyən kurslar vasitəsilə İslamın əsl mahiyyətini insanlara çatdırmağa çalışır və bunun üçün işlər görməkdə davam edirlər”.
M.Qurbanlı qeyd edib ki, Dövlət Komitəsi QMİ ilə bu istiqamətdə sıx əməkdaşlıq edir və müəyyən birgə proqramlar tərtib edir, bu proqramlar üzrə yerlərdə vaxtaşırı konfranslar, icmalarla görüşlər keçirilir. Bu iş bundan sonra da davam edəcək.
DQİDK sədrinin fikrincə, lakin bu gün Azərbaycanda olan məscidlərin kimin mülkiyyətində olması məsələsində dəqiqləşdirmə aparılmalıdır: “Azərbaycan müstəqillik əldə edən zaman ölkədə cəmi 17 məscid var idi. Hazırda Azərbaycanda 2050-dən çox məscid var. Bu məscidlərin kimin, hansı qurumun balansında olması mühüm məsələdir. İndiki qaydalara əsasən, məscidlərin bir qismi QMİ-nin, böyük hissəsi yerlərdə bələdiyyələrin və dini icmaların, bir sıra məscidlər isə tarixi abidə olduğu üçün Mədəniyyət və Turizm Nazirliyinin öhdəsindədir. Hesab edirəm ki, məscidlərin kimin balansında olması məsələsində sərt mərkəzləşməyə ehtiyac var. Məscidlərin idarəçiliyi müəyən vahid qurum çərçivəsində həyata keçirilməlidir. Çünki məscidlərin təmiri, restavrasiya və digər problemləri var. Ona görə də bu sahədə müəyyən dəyişiklik lazımdır".
Dövlət Komitəsinin sədri bildirib ki, hazırda bununla bağlı müzakirələr aparılır: “Bu müzakirələrdə bizim də təkliflərimiz var. Hesab edirik ki, bu sahədə böyük iş getməlidir, məscidlərin idarəçiliyi sistemli şəkildə mərkəzləşməlidir. Məscidlərin dini idarəçiliyi təbii ki, QMİ-nin tabeçiliyindədir və buna heç kimin müdaxilə etmək niyyəti və iddiası yoxdur. Bu, sırf dini məsələdir. Amma məscidlərin idarəçiliyində icmaların birbaşa iştirakı məsələləri var. Bütövlükdə məscidin mülkiyyət olaraq sahibliyi məsələsi öz həllini ciddi şəkildə tapmalıdır”.