25 Noyabr 2019 15:18
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Kiyevdəki səfiri Azər Xudiyev Taras Şevçenko adına Kiyev Milli Universitetində tələbələr qarşısında “Azərbaycanın regionda rolu və beynəlxalq təhlükəsizliyə verdiyi töhfə” mövzusunda mühazirə oxuyub.

Teleqraf.com xəbər verir ki, dünyada baş verən sürətli dəyişikliklər şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət terrorçuluq, etnik separatizm və münaqişələrlə üzləşdiyinə diqqət çəkən səfir vurğulayıb ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi balanslandırılmış xarici siyasət Azərbaycanı bir neçə regionun təhlükəsizliyinin etibarlı və davamlı olmasında mühüm geosiyasi faktora çevirib.

Bildirilib ki, ölkəmiz regionda sülhün və sabitliyin bərqərar olması üçün regional əməkdaşlığı əvəzolunmaz amil kimi qiymətləndirir, eyni zamanda, Ermənistanın təcavüzkar siyasətini Cənubi Qafqazda hərtərəfli regional əməkdaşlıq yolunda əsas maneə kimi görür.

A.Xudiyev qeyd edib ki, çoxşaxəli tarazlaşdırılmış xarici siyasət həyata keçirən Azərbaycan bütün dövlətlərlə suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmama kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında dost münasibətləri qurur.

Azərbaycanın strateji coğrafi mövqeyi onun Avro-Atlantik məkandakı siyasi və iqtisadi proseslərdə olduqca mühüm rol oynamasını təmin edib. Bu, regiondakı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində özünü büruzə verməkdədir.

Sonda səfir tələbələrin suallarını cavablandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər