26 Noyabr 2019 13:54
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ədəbiyyatında qadın mövzusu xüsusi yer tutub. Bəşəriyyətin xoşbəxt qadınla yüksəlməsi həqiqətinə çatan romantik şair Hüseyn Cavid kimi Cəfər Cabbarlı, Abdulla Şaiq, Süleyman Sani Axundov da öz əsərlərində qadın azadlığı probleminə, qadının cəmiyyətdəki roluna və cəmiyyətin qadına münasibəti mövzusuna toxunublar.

Azərbaycan ədəbiyyatında çarəsiz, zorakılığa məruz qalan, cəmiyyətin mürtəce dəyərlərinin qurbanı olan Gülzar kimi obrazlarla yanaşı, mətin, mübariz, öz həyatının, hüquqlarının gec də olsa fərqində olan Sevil kimi obrazlar da var.

Sevil kimi qadınlar təkcə yazıçının bədii əsərdə yaratdığı obraz deyildi, həyatda, Azərbaycan mühitində görmək istədiyi qadın obrazı idi. Ona görə də Cəfər Cabbarlının “Sevil” pyesi səhnəyə qoyularkən dramaturq öz ömür-gün yoldaşı Sona xanımdan çadranı atmağını xahiş edib və buna da nail olub.

Bəs müasir ədəbiyyatımızda qadın problemlərinə toxunan hansı əsərlər var? Ümumiyyətlə, hazırda qadınlarımızın əsas problemi nədir?

Teleqraf.com bu suallarla qadın yazarlarımıza müraciət edib.

Şairə Rəbiqə Nazimqızı: “Mən bu bölgünün yalnız məişətdə işlədiyini görürəm, ailədə-filan, yaxud da sevgi münasibətlərində. Digər məsələlərdə mənim üçün qadın, ya kişi mövcud deyil. Ona görə də qadın mövzusu axtarmıram, qadın problemi deyilən bir şeylə üzləşməmişəm.

Fərdin problemi ola bilər - bu da cahillikdir, ya xaraktersizlikdir, eqoizmdir və ya əksinə lazım olmayan məqamda və yerdə özünü qurban verməkdir. Kişilərdə də var, qadınlarda da”.

Şairə Kəmalə Abıyeva: “İstənilən əsərdə qadın obrazları var. Baş qəhrəmanlardan biri, ya bir neçəsi qadın ola bilər. Amma qadın problemlərindən söz açan, məsələn, qadın zorakılığını bütün acısıyla, ağrısıyla verən ciddi bir əsərimiz yoxdur.

Son illərin nisbətən cavan ədəbiyyatında isə qadınlar-qızlar,sadəcə, yüngül əxlaqlı, pozğun kimi verilir. Nəticə mövzudur, səbəblər,özü də ciddi səbəblər çözülmür.

Kənan Hacının "Rəqqasə” romanında saf, vətənpərvər bir qızın pozğun birinə, rəqqasəyə dönüşməsindən bəhs olunur. Diqqətli oxucu burda cəmiyyətin - ətrafın, bəzi milli dəyərlərin qadınlar üçün yaratdığı problemləri görə bilər. Məsələn, mənim ürəyim ağrıdı bu kimi talelərə, həyatdı amma. Eləcə də Aysel Əlizadənin "Qadın peyğəmbər" kitabında bu problemlər var”.

Aysel Əlizadə: “Təkcə müasir ədəbiyyatda yox, bizim bütünlükdə ədəbiyyatımızda qadın və onun problemləri demək olar işlənməyib. Üzeyir Hacıbəyovdan bu yana qadını xilas etməyə, bununla cəmiyyəti ağ günə çıxarmağa çalışan müəllif çox az olub. Bu mənada ən yanımcılı Cabbarlıdı.

Onun yaradıcılığında qadın problemi öz həllini axtarır və tapır. Tək "Gülzar" hekayəsi əsl feministik ədəbi örnəkdi.

Əzizə Cəfərzadənin "Aləmdə səsim var" romanı patriarxal cəmiyyətdə qadının vəziyyətini mükəmməl ifadə edir. Anarın Təhminəsi də qadın problemini qabardır. Özgür bir qadının necə mənasız problemlərin qurbanı olduğunu görürük. Çağdaş yazarlardan Kənan Hacının "Rəqqasə" romanı da qadın probleminə həsr edilib. Savaşa könüllü gedib bir zaman qəhrəman kimi qəbul edilən qadın çarəsizlikdən "yüngül" həyat yaşamalı olur və bu zaman qəhrəman cəmiyyətin gözündə fahişəyə çevrilir.

Sevinc Pərvanənin "Şəhər" romanı da sadə bir qızın həyatından bəhs edir. Qarşılaşdığı mental əngəlləri göstərir.

Mən də bu dərin bəladan yaxamı kənara çəkməmişəm. "Qadın peyğəmbər" romanımda problem qədim dövrlərdən indiyə kimi konseptual şəkildə təhlil edilib, qohum evliliklərinin fəsadları, ərə getmək xətrinə öz xalası oğlu ilə evlənməyə məcbur olan qadının faciəsi, başqa bir qadının psixoloji zorakılığa uğraması və sair kimi cəmiyyəti sağlam olmağa qoymayan zədəli qatlar yer alıb.

Qadınların əsas problemi elə qadın olmaqdı. Srağagün yenə qardaşı bir qızın başını kəsib. Keçən ay 13 qadın öldürülüb. Müəlliflər isə fil qulağında yatırlar. Deyəsən ki, daha ciddi işlə məşğuldular, o da yoxdu”.


Müəllif: Dəniz Pənahova

Oxşar xəbərlər