2 Dekabr 18:59

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi (SİAM) İctimai Birliyi “Yeni Açıq Hökumət Milli Fəaliyyət Planı: vətəndaş cəmiyyətinin təklifləri” mövzusunda dəyirmi masa keçirib.

Teleqraf.com xəbər verir ki, dəyirmi masada ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən SİAM İB sədri Zaur İbrahimli Açıq Hökumət platformasının əhəmiyyətindən, bu sahədə görülmüş işlərdən bəhs edib.

Z.İbrahimli Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığından danışaraq, 2019-cu ildə 49 ölkədə, o cümlədən Azərbaycanda Açıq Hökumət planları hazılandığını deyib.

O, Açıq Hökumət Platformasında gələcəkdə əsas istiqamətlərin Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsündən irəli gələn islahatların həyata keçirilməsində dönüşə nail olmaq, “Açıq hökumət” prinsipləri və standartlarının tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı və potensialının möhkəmləndirilməsi, geniş vətəndaş iştirakçılığının təmin edilməsi və s. olduğunu söyləyib:

“İnformasiya Haqqında” Qanunun tələbinə görə, Ombudsman Aparatında dövlət orqanlarının informasiya açıqlığına, o cümlədən daxil olan sualların cavablandırılmasına məsul olacaq və qanunvericiliyin öhdəliklərini yerinə yetirəcək şöbə, struktur vahidi olmalıdır. Artıq bizə illərdir cavab verilir ki, həmin şöbə var, öz daxili imkanları ilə fəaliyyət göstərir. Bildirilir ki, bunun maliyyələşməsi üçün pul ayrılmayıb, ona görə də fəaliyyət göstərə bilmir. Hətta Ombudsman Aparatı bununla bağlı baş redaktorlarla iki dəfə müzakirələr keçirib, beynəlxalq təcrübəni öyrənib. Yəni bu sahədə müəyyən qədər bilik və bacarıqlar əldə edilib. Lakin təəssüf ki, hələlik həmin o struktur vahidi fəaliyyətə başlamayıb. Biz ümid edirik ki, yeni ombudsman, həmçinin yeni parlament seçildikdən sonra informasiya açıqlığı qanunvericiliyin bununla bağlı təbələrin və öhdəliklərin icrasına nəzarət daha da güclənəcək”.

Z.İbrahimli həmçinin 2012-2015-ci illəri əhadə etdən Milli Fəaliyyət Planından 2016-2018-ci illərin icra göstəricilərindən, fəaliyət istiqamətləri üzrə görülən işlərin faydalılıq əmsalından, eləcə də 2020-2022-ci illəri əhatə edən Milli Fəaliyyət Planından bəhs edib.

SİAM İB sədri vətəndaş cəmiyyətinin Milli Məclisdə (MM) müzakirələrə cəlb edilməməsinə görə təəssüf etdiyini bildirib:

“Dəfələrlə MM-ə müzakirələrdə iştirakla bağlı sorğu göndərmişik. MM bunda maraqlı deyil. Hətta vətəndaş cəmiyyəti müraciət etməsə belə QHT-lər büdcə müzakirələrinə cəlb edilməli idi”.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com