5 Dekabr 2019 12:47
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, Fuad Muradov dövlət komitəsinin fəaliyyətinə dair hesabat verib. O qeyd edib ki, bu gün 60-dan çox ölkədə müxtəlif diaspor təşkilatları fəaliyyət göstərir:

"2018-ci ildə dövlət komitəsinin sədri vəzifəsinə təyin olunandan sonra bu sahədə fəaliyyətimizi yol xəritəsinə uyğun olaraq qurduq. Bu gün əsas istiqamətlərdən biri diaspor təşkilatlarının birliyidir. Ona görə də Diasporla İş üzrə Dövlət Komitəsi bu gün koordinasiya qurumu kimi fəaliyyət göstərir. Ötən müddət ərzində 11 koordinasiya şurası təsis olunub. 29 ölkədə fəaliyyət göstərən bu qurumlar birbaşa icma quruculuğu ilə məşğuldurlar. Hazırda bütün fəaliyyətimiz internet üzərindən qurulub. İnteraktiv xəritə yaranıb. Bu xəritə vasitəsilə hansı ölkədə hansı diaspor təşkilatının fəıaliyyət göstərdiyini öyrənmək olar”.

Fuad Muradov qeyd edib ki, ötən müddət ərzində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb:

“Fondun əsas istiqaməti konkret polot layihələri dəstəkləməkdir. İstənilən təşkilat və ya icma üzvü həmin fondda çox asanlıqla qeydiyyata düşə bilər. Digər vacib istiqamətlərdən biri Azərbaycan dilini qoruyub saxlamaqdır. Bəzi soydaşlarımız var ki, onlar ümumiyyətlə, Azərbaycanda doğulmayıblar. Onların milli kimlik olaraq Azərbaycan dilini qoruyub saxlaması olduqca vacibdir. Ötən müddət ərzində İsveçrənin Bern, İsveçin Stokholm, Polşanın Varşava və Fransanın Nant şəhərində “Qarabağ” adlı həftəsonu məktəblər yaradılıb”.

Fuad Muradov qeyd edib ki, ümumilikdə 10 ölkədə (Almaniyada 2, Macarıstan, Gürcüstan, İspaniya, Ukrayna, İtaliya, Türkiyə, Belçika və Polşa) Azərbaycan Evi fəaliyyətə başlayıb, gələn il isə daha 8 ölkədə Azərbaycan Evi açılacaq.

Komitə sədri ötən müddət ərzində Diaspor Tv ,Diaspor FM və Multimedia Mərkəzi yaradıldığını vurğulayıb.
O, həmçinin, bildirib ki, ilk dəfə olaraq infoqrafik disapor xəritəsi yaradılaraq açıq istifadəyə verilib. Hazırda xəritədə 48 ölkədən 538 diaspor təşkilatı haqqında informasiya yerləşdirilib.


Müəllif: Səxavət