5 Dekabr 2019 13:03
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz düşündük ki, diaspor fəaliyyətində xidmətlərə görə xüsusi medalın təsis olunmasına ehtiyac var. Belə bir təşəbbüslə çıxış etdik və bu günlərdə Milli Məclis bu barədə qanun qəbul etdi.

Teleqraf.com xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov keçirdiyi mətbuat konfansında bildirib.

O, bu medalın diaspor fəaliyyətində həqiqi xidmətləri olan şəxslərə veriləcəyini vurğulayıb.

F.Muradov onu da bildirib ki, ötən müddət ərzində diaspor gənclərinin 1-ci və 2-ci yay düşərgəsi keçirilib. Bu düşərgələrdə iştirak üçün 54 ölkədən 700 nəfərdən çox müraciət edilib. 48 ölkədən 280 nəfər azərbaycanlı gəncin iştirakı ilə birinci düşərgə keçən il Şəkidə, ikinci düşərgə bu il Şamaxıda keçirilib:

“Bu qəbildən olan digər hadisə isə “Azərbaycan Diaspor Könüllüləri” Proqramına başlanılmasıdır. Könüllülər proqram üzrə təlim və işlərə cəlb edilib”.

Fuad Muradov ötən müddət ərzində dövlət komitəsinin Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən saytının yaradıldığını bildirib. Qeyd edib ki, DİDK-nin mobil tətbiqi işə salınıb:

“Artıq komitədə istər sədrə, istərsə də texniki işçiyə kağızda nəsə yazmağa ehtiyac yoxdur. Mobil tətbiq informasiya resurslarımıza çıxışı da asanlaşdırıb”.

Komitə sədri DİDK-nın xaricdə yaşayan soydaşlarımızla bağlı qanun layihəsi hazırladığını da bildirib:

“Bir neçə dövlət qurumunun rəyi qalıb. Bu proses zamanı bir neçə ölkənin təcrübəsi öyrənilib. Bunlar Polşa, Gürcüstan, Almaniya və Türkiyə kimi ölkələrdir. Bu gün Gürcüstanda çoxlu sayda azərbaycanlı yaşayır. Ancaq biz onları diaspor saymırıq. Onlar köklü xalqdır. Türkiyə və Qazaxıstanda yaşayanlar bizim soydaşlarımızdır. Ona görə də qanunda diaspor və soydaş anlayışlarına aydınlıq gətirilib. Bütün bunlar hamısı qanunun predmetidir. Yeni parlament formalaşandan sonra bu qanun layihəsi müzakirəyə çıxarılacaq”.


Müəllif: Səxavət