6 Dekabr 2019 11:37
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nazirlər Kabinetinin sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi ilə bağlı qərarı satın almaq məqsədi ilə kirayə mənzil fondu ilə bağlı deyil, sosial kirayə əsasında yaşayış sahəsi təklifi ilə bağlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, kabinet qərarı ilə sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri üzrə normanı beynəlxalq standartlara uyğun olaraq 16 kvadratmetr müəyyən edib:

“Bu o deməkdir ki, yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adambaşına 16 kvadratmetrdən mənzil sahəsi hesablamalıdır. Əgər hər hansı vətəndaşımızın bu növ sosial mənzillərə ehtiyacı varsa, o zaman yerli icra hakimiyyəti orqanlarında uçota alınmaq üçün müraciət edə bilər.

Sosial kirayə müqaviləsi müddətsiz olur və növbəlik prinsipi əsasında aparılır. Satın almaq məqsədi ilə təklif ediləcək kirayə evlər isə maksimum 25 il müddətinə təklif olunur və müqavilə öhədlikləri bitdikdən sonra mənzil kirayəçinin mülkiyyətinə verilir. Satın almaq məqsədi ilə kirayə mənzillərin bu ayın sonlarında satışa çıxarılması gözlənilir. Vətəndaşlar elektron ipoteka portalı və ya ASAN xidmət vasitəsi ilə müraciət edə biləcəklər. Bu mənzillər 2013-cü ildən sonra inşa edilən binalardadır və kvadratları da yeni tikililərdəki sahələrə uyğundur. O baxımdan, satın almaq məqsədi ilə mənzilə sahib olan zaman gəlirinizə uyğun kvadrat seçə biləcəksiniz”.


Müəllif: Mənsur Rəğbətoğlu