7 Dekabr 2019 09:05
462

“Mövsümi meyvə və tərəvəzlərin yeyilməsi mədə-bağırsaq sistemində həzm prosesinə müsbət təsir göstərir. Meyvələrin tərkibində olan sellülozlar mədə-bağırsaq sisteminin işləməsinə kömək edir”.

Bunu Teleqraf.com-a açıqlamasında sağlam qidalanma üzrə ekspert-mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, sağlam insan orqanizmi gün ərzində bir stəkan meyvə şirəsi istehlak etməlidir: “Qan azlığı və yaxud digər xəstəliyi olan kəslər daha çox şirə istehlak etməlidirlər. Lazım olan vitamin və mineralların, qidalanmaya xeyirli olan maddələrin daha tez əldə edilməsi üçün şirə içmək vacibdir”.

Mütəxəssisin fikrincə, kompot tipli bişirilmiş, konservləşdirilmiş meyvələrin zərərləri faydasından daha çoxdur: “Kompot hazırlanan zaman müəyyən miqdarda şəkər əlavə edilir. Hazırda istehsal olunan şəkərlərin tərkibi də qatqı maddələri ilə zəngindir və bir çox emal prosesindən keçib. Şəkər orqanizm üçün zərərli olan başlıca maddələrdəndir. Kompotla müqayisədə təzə meyvə-tərəvəzin yeyilməsi daha məqsədəuyğundur”.

Onun sözlərinə görə, alma və heyva kimi meyvələri qaynadıb içdiyimiz zaman faydalı olduğu kimi, vitamini də itmir: “Buxarda, yaxud az miqdarda suda şəkərsiz olmaq şərtilə heyva və ya almanı qaynadıb içmək mümkündür. Qaynadılmış heyva öskürəyi müalicə edir, bəlğəmgətirici kimi istifadə etmək olar. Həmçinin, qaynadılmış alma ürəyə çox faydalıdır”.

Məhsəti Hüseynova bildirib ki, tərəvəz şirəsi meyvə şirəsi qədər faydalı olmasa da, hər ikisi vacibdir: “Orqanizmə gündəlik tələbatını ödəmək üçün qırxdan çox vitamin lazımdır. Buna görə meyvə və tərəvəz şirələrinin öz yeri var. Hər bir meyvə və tərəvəzin tərkibində fərqli vitaminlər var. Yerkökü, çuxundur şirələri xüsusilə qış mövsümündə çox faydalıdır”.


Müəllif: Aysel Azad