7 Dekabr 2019 16:40
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevda müəllim həmişə deyərdi ki, Azər, mən Azərbaycanda tək yaşayıram, övladlarım xaricdədirlər. Çıxışlarımda heç bir şəxsi marağım yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov özünün “Feysbuk” sosial şəbəkəsindəki hesabında bildirib.

Dünən vəfat etmiş deputat Yevda Abramov barədə fikirlərini bölüşən Azər Badamov deyib: “Yevda müəllim deyərdi ki, çıxışlarımdakı bütün emosiyalar vətənimi və prezidentimi sevdiyimdəndir. Deyərdi ki, istəyirəm torpaqlarımız işğaldan azad olunsun, Azərbaycan daha möhtəşəm görünsün”.

Azər Badamov qeyd edib ki, Azərbaycanı öz canından çox sevən, ictimai-siyasi xadim, dostu və həmkarı Yevda Abramovun vəfatı xəbəri onu çox kədərləndirib: “Kişilik, mərdlik, sözünü üzə demək, vətənə sevgi Yevda müəllimin həyat tərzi idi. Allah rəhmət eləsin!”

Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini idi. Deputat dünən müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada onkoloji xəstəlikdən dünyasını dəyişib.


Müəllif: Səxavət